"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının "pley-off" mərhələsində İsveç "Göteborq"una 3:0 hesabı ilə qalib gəldikləri cavab görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, təcrübəli müdafiəçi əvvəlcə oyun barədə danışıb...
- Hamını bu qələbə münasibətilə təbrik edirəm. Bu, təkcə bizim yox, hamımızın qələbəsidir. Sizlərin, azarkeşlərimizin... Komanda üzərində böyük təzyiq var idi. Oyundan sonra yalandan "hər şey yaxşı alındı" deyə bilmərəm. Çox həyəcanlı idik. Oyunumuz yaxşı alınırdı, amma nəticə yox idi. Öz üzərimizdə qorxu var idi ki, ola bilsin yenə alınmasın. Amma nəhayət, qələbə qazandıq və qrup mərhələsinə vəsiqə qazandıq.
- Böyük hesablı qələbə gözləyirdiniz?
- Xeyr, gözləmirdik. Hətta 120 dəqiqəlik mübarizəyə köklənmişdik. Amma ilk hissəyə yaxşı başladıq və lazımi qələbəni qazandıq.
- Vurduğun qolu oyunun gedişində fikirləşdiniz?
- Xeyr, səhər məşqində fikirləşmişdik. Baş məşqçimizin standart vəziyyətlərlə bağlı tələbləri var idi. Onlar üzərində ciddi hazırlaşmışdıq. Səhər tezdən də məhz künc zərbələri üzərində işləmişdik.
- Deyəsən, ot örtüyünün vəziyyəti yaxşı oyun sərgiləməyinizə mane olurdu...
- Meydanın vəziyyəti həqiqətən də pis idi. Amma hər iki komanda üçün. Bununla belə, çalışırdıq ki, necə gəldi futbol oynamayaq. Baxımlı, gözəl oyun sərgiləyək ki, izləyənlər də həzz ala bilsinlər.
- Bu gün mərkəz müdafiəçisi mövqeyində Bədavi Hüseynov zədə üzündən oynamırdı. Belədə üzərində böyük yük hiss etmirdin?
- Bu haqda bir söz deyə bilmərəm. Elvin Yunuszadə də bu gün yaxşı çıxış edirdi. Baxmayaraq ki, avrokuboklarda uzun müddət idi əsas heyətdə oyun praktikası yox idi. Lakin müdafiədə etibarlı çıxış etdi.
- Qol vuranda sevinmədin. Qol olduğuna inanmadın?
- Bir anlıq inandım, bir anlıq tərəddüd etdim. Gördüm, uşaqlar sevindilər. Fikirləşdim ki, qoldur (gülür - red.)