"Qəbələ" Avropa Liqasının pley-off mərhələsində "Maribor"la Sloveniyadakı cavab oyunundan sonra istirahətə buraxılıb. Bu haqda Sportnet.az-a məlumat verən ukraynalı baş məşqçi Roman Qriqorçuk hazırda vətənində olduğunu bildirib.
O, gələn həftə bir araya gələcəklərini bildirib: "Çempionatda fasilədir və qrupda ilk oyunumuzu sentyabrın ortasında keçirəcəyik. Belə olan halda, yaranan pauzadan istifadə etmək istədik. Bir neçə gün istirahətdən sonra yığışaraq, qısamüddətli təlim-məşq toplanışı keçəcəyik. Hələ məkanla bağlı qərar verməmişik. Bundan sonra bilavasitə çempionat matçına hazırlaşacağıq".
Qriqorçuk bu müddətdə xaricdə hazırlıq keçməyi daha məqsədəuyğun sayır: "İndiki məqamda Azərbaycanda təlim-məşq toplanışı keçmək məqsədəuyğun deyil. Ab-havanı dəyişmək üçün hazırlığın xaricdə olması daha yaxşı olardı. Ancaq bunu hələ dəqiqləşdirməmişik. Bir müddət sonra konkret müəyyənləşdirəcəyik".
Xatırladaq ki, milli komandamızın San-Marino yığması ilə rəsmi oyunu ilə əlaqədar milli çempionatımızda sentyabrın 10-dık fasilə yaranıb.