İtaliyanın "Fiorentina" klubunun futbolçusu Mauro Sarate "Qarabağ"la Avropa Liqasının qrup mərhələsinin II tur matçında vurduğu qolu süd vəzisi xərçəngi xəstəliyindən əməliyyat olunan həyat yoldaşı Natali Veberə həsr edib.
Sportnet.az-ın məlumatına görə, 29 yaşlı hücumçu 61-ci dəqiqədə meydana daxil olduqdan az sonra 15 dəqiqə ərzində 2 qol vurub. Sarate 63-cü dəqiqədə ilk qoluna imza atdıqdan sonra əynindəki futbolkanı çıxarıb və diz üstə çökərək, üzərində "Gracias dios Nat, te amo" ("Allaha şükür! Səni sevirəm, Nat") yazılmış geyimini nümayiş etdirib. Argentinalı forvardın emosional qol sevincinə komanda yoldaşları da qoşulublar. Üst geyimini çıxardığı üçün referi ona sarı vərəqə göstərib. Bu səbəbdən, Sarate 78-ci dəqiqədə daha bir qol vurduqdan sonra eyni addımı atmayıb.
Qeyd edək ki, "Qarabağ" 30-cu dəqiqədə Elvin Yunuszadənin meydandan kənarlaşdırılmasından sonra 5 top buraxıb və yalnız uzatma dəqiqələrində təsəlli qolunu vura bilib - 1:5 ("Report").