"Bakı"nın moldovalı sabiq futbolçusu Aleksey Savinov 2010-cu ildə qalibi olduqları Azərbaycan kubokundakı final oyununu xatırlayıb. 37 yaşlı veteran müdafiəçi Sportnet.az-ın Moldovaya ezam olunmuş əməkdaşına açıqlamasında "Xəzər Lənkəran"la 6 il öncə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən həlledici matçda Kamran Ağayevin qapısına vurduqları mübahisəli qolla bağlı fikirlərini açıqlayıb.
Savinov qarşılaşmanın əlavə vaxtında xorvatiyalı komanda yoldaşı Ernad Skuliçin topu rəqib qapısına göndərdiyi epizodu belə xatırlayıb: "Həmin anda biz tərəfdən "Fair Play" qaydaları pozulmamışdı. Buna görə özümüzü bu qaydaları pozmaqda qətiyyən günahlandırmıram. Prinsipcə, hesab etmirəm ki, "Fair Play"ə əməl etməmişdik. Skuliç topu "Xəzər Lənkəran"ın qapısına tərəf göndərdi ki, oyuna başlasınlar. Ancaq top rəqib qapıçı Kamran Ağayevin başının üstündən tora qovuşdu və qol oldu. Biz çaşqınlıqda idik. Qol qapıçının səhvinin nəticəsi idi və biz tərəfdən bilərəkdən niyyət yox idi. Baş hakim mərkəzi göstərdi və qol sayıldı. Baş məşqçimiz Cüneyt Biçər bizə göstəriş verdi ki, oyunu davam etdirin. Biz də ona görə mübarizəni davam etdirdik".
Maraqlıdır ki, Biçər bundan bir müddət sonra "Xəzər Lənkəran"ın baş məşqçisi olub. Savinovu dinləyək: "Biçər bilə bilməzdi ki, sonradan bu komandanın "sükanı arxası"na keçəcək. O, həmin anda "Bakı"nın baş məşqçisi idi və bu komandanın uğurunu düşünürdü. Biz həmin mövsüm "Xəzər Lənkəran"la mükafatlar uğrunda mübarizə aparırdıq. Rəqibimizə son turda onun meydanında qalib gələrək çempionluqdan məhrum etdik. Sonradan isə Lənkəran təmsilçisini kubokun finalında məğlub etdik. Yəni burada söhbət "Fair Play"dan getmirdi".
Xatırladaq ki, artıq məşqçiliyə başlayan Savinov "Bakı"da çıxış etdiyi dövrdə eyni zamanda Azərbaycan çempionu olub.