"Əvvəllər də Azərbaycan haqda yaxşı sözlər eşitmişdim. Braziliyalı futbolçuların oynadığını bilirdim. Təqribən 1,5 ay öncə biz "Qəbələ" ilə futbol məktəbimin Azərbaycanda açılması barədə danışıqlara başladıq".
Sportnet.az xəbər verir ki, bu barədə Bakıda səfərdə olan məşhur braziliyalı futbolçu Ronaldinyo keçirdiyi mətbuat konfransında deyib.
O Azərbaycan paytaxtına səfəri və digər məsələlərdən də danışıb:
Əsas məqsədim akademiyaya gələn uşaqların adımı eşidərək, məşqlərə daha ciddi yanaşmalarıdır. Onlar gələcəkdə böyük futbolçu olsalar, bu, mənim uğurum olacaq və buna da sevinəcəyəm. Onların böyük klublarda oynamaq imkanları olsa, buna köməklik göstərəcəyəm.
Allah mənə istedad verdi. Böyüyəndə hamıdan çox məşq edirdim. Bu da bəhrəsini verdi və bütün titulları qazandım.
Mən "Qremio" klubunun azarkeşiyəm. Sevimli futbolçum isə Lionel Messidir.
Bakıya dünən gec saatlarında çatmışam. Hava limanından çıxandan sonra restoranda yemək yedim. Mətbəxinizi çox bəyəndim. Bu gün də bura gəlmişəm. Tədbirdən sonra şəhərlə tanışlıq imkanım olacaq.
Uşaqlar nə qədər tez futbol oynamağa başlasalar, o qədər yaxşıdır. Onlar yüksək səviyyəyə çatmaq istəyirlərsə, məşqlərə daha ciddi, məsuliyyətlə yanaşmalıdırlar.
Əslində mən elə Pele və Maradona səviyyəsindəyəm.
Düzü, hamının məni sevdiyini deyə bilmərəm. Amma bəlkə də ona görə ki, gözəl futbol oynamışam, öz oyun stilim olub. Buna görə də bütün ölkələrdə məni sevirlər.
Bu yaşımda oynaya bilərəmmi? Niyə də yox?! Hər şey ola bilər?
Həyatım futbol meydanında və kənarda göz qabağında olub. Gizlədiləsi bir şey yoxdur. Hamısı necə oynadığımı bilir. Özümü futbolu, futbolu mənsiz təsəvvür etmirəm.
2006-cı il dünya çempionatında çox güclü yığmamız, böyük ulduzlarımız var idi. Lakin təəssüf ki, 1/4 finalda Fransaya uduzduq. Səbəbini deyə bilmərək. Futbolda belə şeylər olur. Həyatda atdığım heç bir addıma görə peşmanlıq hissi keçirməmişəm.