"Neftçi"nin futbolçusu Rəhman Hacıyev Azərbaycan Premyer Liqasının IX turuna yekun vuran "Qarabağ"la oyundan sonra müsahibə verib. Millimizin də üzvü olan yarımmüdafiəçi Sportnet.az-ın matçda olan əməkdaşının da sualını cavablandırıb.
- Məğlubiyyəti nə ilə əlaqələndirərdin?
- Bugünkü matçda hamı bir nəfər kimi nəticə qazanmaq üçün əziyyət çəkdi, meydanda canını qoydu. Düzdür, uduzduq, ancaq düşünürəm ki, yaxşı oynadıq. Qalib gəlməsək də, yaxşı təsir bağışladıq. Neçə oyundur uduzuruq. Bu, bizə təsir edir, həqiqətən pisdir. Bu atmosferdən çıxmaq lazımdır. Bu vəziyyətə özümüz düşmüşük, özümüz də çıxmalıyıq.
- Bunun üçün gücünüz çatmır?
- "Qarabağ" elə bir taktiki planda üstün olmadı ki, deyəsən, kombinasiyalı oyun nümayiş etdirdi, fərqləndi. İlk qolda rəqib uzaqdan zərbə vurdu, top qapıya daxil oldu. İkinci qolda isə qapı qarşısına ötürmədən sonra dəqiq zərbə vuruldu.
- Komanda oyunda mövqeyini itirmişdi. Razısan bu fikirlə?
- Bu, normal bir şeydir. Çünki 0:1 hesabı ilə uduzurduq, qol vurmaq istəyirdik. Məncə, iki qolu da ona görə buraxdıq. Hamı qabağa çıxmışdı. rəqib də bizi əks-hücumda tutaraq cəzalandırdı.
- İnsident olan zamanı nə baş verdi? Həmin epizoda sən daha yaxın idin...
- Nə baş verdiyini mən də bilmədim. Bu tərəfə gəlirdim. Sonradan gördüm ki, azarkeş üstümə gəlir. O anda Katalin Tira qarşıya çıxdı. İstəməzdim ki, belə şey olsun. Mən də azarkeşin üstünə getsəydim, o, mənə əl qaldırsaydı, mən də ona əl qaldıracaqdım. Nəticədə xoşagəlməz olay baş verəcəkdi. Ona görə çəkildim qırağa. Tira ilə bayaq söhbət edirdik. O da futbolçudur, istər-istəməz çəkindi ki, azarkeşin əlində nəsə olar, vurar.
- Ancaq sonra əl çəkmədi, arxasınca onu vurmağa qaçdı...
- Mən onu bilmirəm. Özündən soruşarsınız. Ancaq xoşagəlməz hadisə oldu.
- Azarkeşlərin hər oyunda komandanı fitə basmağı, istefaya səsləməyi təsir edirmi?
Əlbəttə, təsir edir. "Neftçi"nin adını daşıyırıq və belə vəziyyət bizə təsir göstərir. Ancaq bu barədə daha heç nə deyə bilmərəm.
- Kapitanlığın Araz Abdullayevdən Cavid İmamverdiyevə verilməsi komandaya müsbət və ya mənfi təsir edəcəkmi?
- Kapitanlıq Cavidə verilməyib. Araz hazırda xəstədir, ona görə oynamır.
- Baş məşqçinin bu haqda müsahibəsi var....
- Bunu bilmirəm.
Bu zaman "Neftçi"nin mətbuat xidmətinin əməkdaşı Rüstəm Fətəliyev müdaxilə edərək Rəhmanın sözlərini təsdiqləyib və hazırda əsas kapitanın Araz Abdullayev olduğu bildirib.