FİFA Ukraynanın "Dnepr" klubunu cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, dünya ali futbol qurumunun Nizam-İntizam Komitəsinin 2015-ci ilin iyunun 19-da qəbul etdiyi qərar qüvvəyə minib.
Nəticədə Dnepropetrovsk təmsilçisinin hesabından 6 xal silinib. Buna səbəb klubun ispaniyalı sabiq baş məşqçisi Xuande Ramosa və onun köməkçilərinə 1 milyon 350 min avro məbləğində təzminatı ödəməməyidir.
Artıq FİFA-dan bu haqda rəsmi məktub alan Ukrayna Futbol Federasiyası qərarı turnir cədvəlində əks etdirib. Nəticədə xalı 4-ə enən "Dnepr" 12 komanda arasında 11-ci pilləyə enib.
Xatırladaq ki, FİFA-nın analoji qərarı bir vaxtlar Azərbaycan klublarına, o cümlədən "Xəzər Lənkəran", "Bakı" və "Rəvan"a tətbiq olunub. Qurum "İnter"i legionerlərə borca görə əvvəlcə avrokuboklardan kənarda qoyub, sonra isə kluba 1 illik transfer qadağası qoyub.