Azərbaycan Premyer Liqasının IX turu heç-heçələrlə diqqət çəkib. Spornet.az-ın məlumatına görə, turun ilk 3 oyununda qalib müəyyənləşməyib. Özü də heç-heçələr müxtəlif hesablarla – 0:0, 1:1 və 2:2 olub. Bunadək cari çempionatda ən yaxşı halda 1 turda 2 heç-heçə olmuşdu. Bu, II və VII turlarda qeydə alınmışdı.
Yalnız son tura yekun vuran oyunda meydanı qələbəylə tərk edən komanda olub. Bu, son 3 mövsümün qalibi "Qarabağ”dır. Onun rəqibini nəzərə alsaq, cari mövsümün ən uğursuz komandası "Neftçi” IX turda yeganə uduzan komanda olub.
"Qarabağ”ən qələbəsi ona liderlə xal fərqini azaltmağa imkan verib. Çünki 1-ci pillədə olan "Qəbələ” yenə xal itirib. Roman Qriqorçukun komandası ardıcıl 2-ci turdur, ardıcıl 2 səfər matçıdır heç-heçə edir. Bu, "İnter”lə "İnter Arena”da 1:1-dən sonra "Sumqayıt”la "Kaptal Bank Arena”da 2:2-lik bərabərlik olub. Nəticədə uzun müddət "quru seriya” üzrə rekordçu olan ukraynalı qapıçı Dmitri Bezotosnı da artıq qol buraxmağa başlayıb. Özü də ona cari çempionatda ilk dəfə 1 oyunda 2 qol vurulub. Yeri gəlmişkən, sonuncu dəfə bu, ötən çempionatın XXXIV turunda "Qarabağ”la səfər matçında (0:2) olmuşdu ki, Bezotosnı məhz bundan sonra çempionatda qol buraxmırdı.
Son turlarda büdrəyən "Qəbələ” ilk dövrənin yekununda məğlub etdikdən sonra 6 xal qabaqladığı "Qarabağ”dan indi cəmi 2 xal irəlidədir. Ümumiyyətlə, "qırmızı-qaralar" Avropa Liqasını da nəzərə alsaq, artıq 3 oyundur qələbə üzünə həsrət qalıblar. Sonuncu qələbə elə "Qarabağ” üzərində olub ki, bunun üstündən 3 həftədən artıq vaxt keçib.
"Qəbələ”ni son turda özünükülər vurub desək, yanılmarıq. Çünki hər qolun müəllifi onun keçmiş futbolçuları, ən əsası, öz akademiyasının yetirmələri olublar. Bunlar yarımmüdafiəçi Yusif Nəbiyevlə hücumçu Amil Yunanovdur. "Qəbələ”nin istedadlı futbolçusu Fərid Nəbiyevin böyük qardaşı olan Yusif cari mövsümdən şərəfini qoruduğu "Sumqayıt”da bunadək 1 qol vurmuşdusa, Yunanov cari mövsümdə susqunluğunu nəhayət ki pozub. Rəqibin heyətində isə yarımmüdafiəçi Rəşad Eyyubov cari mövsümdə qol hesabını açıb. "Zirə”nin paraqvaylı hücumçusu Sezar Meza Kolli cari mövsümdən çıxış etdiyi klubda ilk qolunu penaltidən vuraraq uzun fasilədən sonra milli çempionatımızda fərqlənib. David Janelidze isə "Zirə”yə qol vurmaq üzrə ixtisaslaşıb. Çünki AZAL-ın gürcü hücumçusu bu çempionatda ilk qolunu da həmin rəqibə vurub.
Son turda futbollla bağlı bir çox şeylər qeydə alınıb - penalti, qırmızı vərəqə. Düdür, məhsuldarlıq yüksək olmayıb – 4 oyuna 9 qol. Bir komanda uzağı 2 qol vurub ki, bunlar arasında dubl müəllifi olmayıb. Təbii ki, het-trikdən söhbət gedə bilməz.
Əvəzində IX tur səs-küylü olaylarla diqqət çəkib. "Qəbələ” əvvəl rəsmi müqavilə imzaladığı, sonra isə sifariş etdiyi Cavid Hüseynovu meydana buraxıb. Bununla da 28 yaşlı futbolçu 14 aylıq həbs həyatından sonra ilk rəsmi matçını keçirib və pis təsir bağışlamayıb. Bu qayıdış gözlənilən idisə, tura yekun vuran həmin gündə "Neftçi” - "Qarabağ" matçındakı insident birdən baş verib. "Bakcell Arena"dakı oyunda meydana çıxan azarkeşin üzərinə cuman ev sahiblərinin rumıniyalı hücumçusu Katalin Tira ona yumruq atıb ki, futbolçular polislərin köməyi ilə buna imkan verməyiblər.
Bu, sonda Tiraya baha başa gəlib. O, həm AFFA, həm də klubu tərəfindən ağır cəzalandırılıb. 5 oyunluq diskvalifikasiya olunan Katalinin məşqlərdən kənarlaşdırıldığı artıq rəsmən açıqlanıb. "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev "nə qədər ki mən burdayam, Tira komandada olmayacaq” deməklə onun birdəfəlik qovulacağını işarə vurub.
Göründüyü kimi, tur hesablar baxımdan nə qədər sülhsevər olsa da, tura sülhsevərliyə heç cür yaraşmayan olayla yeyun, damğa vurulub.