Azərbaycan Premyer Liqasının cari mövsümündə daha bir komandanın qol seriyası dayanıb. Sportnet.az-ın məlumatına görə, "Qarabağ”ın ardınca "İnter”in də seriyası 7-ci oyunda qırılıb. Bu, ötən tur "Kəpəz”lə səfər matçında qolsuz bərabərliklə qeydə alınıb.
Zaur Svanadzenin komandası II turda "Qəbələ” ilə "Dalğa Arena”da 0:0 hesablı bərabərlikdən sonra 6 oyundur ardıcıl meydanı qolsuz tərk etmirdi. "Qarabağ”ın da seriyası məhz bu matç sayı qədər olub. Sadəcə, fərq ondadır ki, bu, ilk turdan başlayıb və birinci dövrənin sonunda – VII turda "Qəbələ”yə səfərdə 0:2 hesabı ilə uduzduğu matçda qırılıb.
Cari mövsümdə qol seriyası baxımından ən yaxşı göstərici "Qəbələ”yə məxsusdur – 7 oyun. Roman Qriqorçukun komandası bu çempionatda yalnız II turda "İnter Arena”dakı oyunda qol vurmayıb.
"Qırmızı-qaralar” ardıcıl 7 matçdır rəqib qapısına yol tapmaqla yeni rekordçu olub. Bunun davam etməsi öz rekordunu təkrarlamaq şansını saxlayır. "Qəbələ”nin 11 illik tarixində qol seriyasında rekord məhz ukraynalı baş məşqçisinin vaxtına təsadüf edib. Bu, Qriqorçukun ilk mövsümündə - 2014/05-də 11 matçdan ibarət olub. Həmin seriya ötən çempionatda da davam edib və ilk dövrənin son turunda "Zirə” ilə ev oyununda qırılıb – 0:0. Nəticədə "Qəbələ"nin Premyer Liqamızın tarixində qol seriyası 21 matçdan ibarətdir.
Qeyd edək ki, milli çempionatımızda ən uzun qol seriyası "Turan”a məxsusdur – 33 matç.
Mehman SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb