
"Oyun haqda danışmaq çətindir. Çünki çox səhvlərə yol verdik. Ən pis oyunlarımızdan birini oynadıq". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının X turunda "Zirə"yə 0:2 hesabı ilə uduzduqları səfər oyunundan sonra bildirib.
Təcrübəli mütəxəssis yetirmələrinin çıxışından narazı qalıb: "Ancaq futbolçularımı günahlandırmaq istəmirəm. Həyat davam edir. Bu gün qələbə qazanmaq istəyridik. Ancaq "Zirə"nin istəyi, motivasiyası bizdən daha çox idi. Turnir cədvəlidnə qonşuluqda qərarlaşan komandaların görüşü idi. Bu 3 yox, 6 xallıq oyun idi. Çünki qalib gələn rəqibindən bir qədər də irəli gedəcəkdir. İstənilən halda, bu oyunu unutmalı və növbəti matçlar haqda düşünməliyik. Qarşıdakı turda "Sumqayıt”la qarşılaşmada vəziyyəti düzəltməyə çalışacağıq".