Avqustun 2-də Avstriyada yeni mövsümün hazırlıqlarının ikinci mərhələsini başa vuraraq ölkəyə qayıdan "Simurq", artıq Topaz Premyer Liqasının ilk turunun məşqlərini Zaqatalada davam etdirir. İki günlük istirahətdən sonra doğma arenada bir araya gələn komandamız sabah paytaxtda gələcək. Birinci turda "Bakı"nın qonağı olacaq Georgi Çixradzenin yetirmələri son məşqini qarşılaşmanın oynanılacağı ev sahibinin təlim-məşq bazasının stadionunda edəcək.
Mövsümə iddialı hazırlaşan "Simurq" bu gün serbiyalı yarımmüdafiəçi Marko Stanoyeviçlə rəsmi müqavilə bağlayıb. Moldaviyanın "Şerif" klubundan icarə əsasında transfer edilən 26 yaşlı Marko komandamızın Avstriya hazırlığında da iştirak etmişdi. Məşqçilər korpusunun rəğbətini qazanan serbiyalı mövsümün sonuna qədər Zaqatala təmsilçisinin şərəfini qoruyacaq. O, "Simurq"un heyətində "88" nömrəli forma ilə mübarizə aparacaq.
Zaqatala təmsilçisi transfer çalışmalarını davam etdirir. Yaxın günlərdə daha bir neçə futbolçu ilə rəsmi müqavilələr imzalanacaq.
Qeyd edək ki, "Bakı" - "Simurq" oyunun avqustun 9-da saat 18:00-da start götürəcək. Qarşılaşmanı Orxan Məmmədov idarə edəcək.