"Şimali İrlandiya yığması ilə qarşıdakı oyundan sonra heç yerə gedən deyiləm. Hər iki komandada qalacağam - həm millidə, həm də "Neftçi"də". Bu fikirləri Sportnet.az-a açıqlamasında "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev bildirib. Artıq iki aydır həm klubda, həm də millidə çalışan 46 yaşlı mütəxəssis bu formada fəaliyyətini davam etdirmək fikrində olduğunu söyləyib.
Abdullayevin sözlərinə görə, yığmamızın bu il üçün son matçı olan Şimali İrlandiya millisi ilə noyabrın 11-də Belfastakı görüşdən sonra seçim etməyi düşünmür: "Kim istəyir-istəmir, bu, məni maraqlandırmır. Hazırda gündəmdə belə bir məsələ yoxdur ki, bir komandada qalım. "Neftçi" ilə gələn ilin mayınadək müqaviləm var. Hər halda, bu müddətdə orada qalacağam".
Baş məşqçinin fikrincə, iki yerdə işləməsi ilə bağlı sualı ona vermək lazım deyil. Bu, "Neftçi" rəhbərliyinə ünvanlana bilər: "Bəzi adamlar ya başa düşmürlər, ya da başa düşmək istəmirlər. Onlar bu sualı nə mənə, nə də AFFA-ya verməlidir. Burada bir instansiya var - o da "Neftçi". Klubun rəhbərliyinə bu sualı vermək olar. "Neftçi"nin sabah desə ki, Elxan Abdulalyevin millidəki fəaliyyəti işimə mane olur, onda haqlı ola bilər. Bu sualı AFFA-ya versəniz, deyəcək ki, "Neftçi" özü mənimlə bağlı ona müraciət edib. Buna görə razılıq verdik, Elxan Abdullayev da getdi kluba. Millidə işləməyim də onları qane edir. "Neftçi"nin rəhbərliyi deyə bilər ki, baş məşqçinin iki yerdə işləməyini istəməzdim. Ancaq onlar məni kluba çağıranda bilirdilər ki, həm də millidə işləyirəm. Belədirsə, niyə görə bu suala tez-tez qayıdırlar? Həmin adamların məqsədini, onlara nə lazım olduğunu bilmirəm".