Azərbaycan milli komandasının qapıçısı Səlahət Ağayevin Sportnet.az-ın Belfasta ezam olunmuş əməkdaşına müsahibəsi
- Şimali İrlandiya yığması ilə qarşıdakı oyundan nə gözləyirsən?
- Real danışsaq, 1 xal da bizim üçün yaxşı nəticədir. İlk 3 oyunda məğlub olmadan 7 xal toplamağımız komandaya əlavə inam gətirib. Şimali İrlandiya ilə oynamışıq. Səfərdə 1:1 hesablı heç-heçə edib, evdə 2:0 hesanlı qələbə qazanmışıq. İnanırıq ki, ən azından 1 xalla qayıdarıq.
- Biz 3 oyuna 7, Şimali İrlandiya 4 xal toplayıb. Belə olan halda, niyə onlarla ehtiyatlı oynamalıyıq?
- Reallığı nəzərə almaq lazımdır. Onların futbolçularının oynadıqları çempionata baxın, bizim çempionata da. Görürük ki, bizdən qat-qat güclü futbolçuları var. Bu da güclü çempionatlarda çıxış etmələri ilə bağlıdır. Seçmə mərhələyə 7 xalla başlamağımız milliyə böyük inam verib. Heç kəs belə startı, Norveçi evdə məğlub, Çexiya ilə səfərdə heç-heçə edəcəyimizi gözləmirdi. Düşünürəm ki, Şimali İrlandiyada ən azından 1 xal qazana bilərik.
- Biz niyə 1 xalla kifayətlənməliyik?
- Kifayətlənmirik. Əlbəttə, istəyərik ki, 3 xal qazanaq. Amma real danışmaq lazımdır. Şimali İrlandiya zəif komanda deyil, son Avropa çempioinatın final mərhələsində çıxış edib. İndidən rahat şəkildə deyə bilmərəm ki, səfərdə onlara 3 qol vuracağıq.
- Şimali İrlandiyanın üstünlüyünü nədə görürsünüz? Yalnız Avropa çempionatında çıxış etməyində, yoxsa daha çox kompakt, uzun illərdir demək olar eyni heyətlə oynamağında?
- Şimali İrlandiya deyəndə, Britaniya futbolu adamın yada düşür. Bildiyiniz kimi, bu futbolla Azərbaycan futbolu arasında çox fərq var. Onların oynadıqları çempionatla bizim oynadığımız çempionat eyni səviyyədə deyil. Evdə oynadıqları üçün üstünlükləri var. Bu baxımdan deyərdim ki, 1 xal bizim üçün yaxşı nəticə olar. Buna nail bilərik.
- Rəqibin İngiltərə Premyer Liqasında elə də çox futbolçusu oynamır. Əsasən 1-ci divizionda mübarizə aparırlar…
- Bu çempionat da bizim Premyer Liqadan zəif deyil.
- Onunla da razılaşaq ki, futbolçularımız Avropa Liqasının qrupunda oynayırlar. Oynadığın "İnter” bu turnirdə III təsnifat mərhələsinədək irəliləmişdi. Uduzduğu komanda isə "Atletik” idi. Bu baxımdan özünüzə inam verən xüsusiyyətlər nədən ibarətdir? Yalnız əzmkarlıq, yoxsa digər amillər?
- Futbolçu baxımından onlardan geri qaldığımızı deməzdim. Kamran Ağayev də sübut edib ki, ölkə xaricində oynamaq olar. Məncə, Portuqaliya çempionatında normal çıxış edir. Bəlkə də legioner həyatı yaşamamağımız onların bizə yuxarıdan aşağı baxmağına səbəb olur. "Atletik”ya qarşı 2 matçda iştirak etmişdim. Düzdür, bu komanda ilə "İnter”i müqayisə etmək düz gəlmir. "Atletik”lə Bakıda bərabərliyə qaldıq. Hətta qol da vurduq, saymadılar. Bizim klublar Avroliqada qrupda mübarizə aparırlar. Ancaq bu 3 həftədən bir keçirilən oyunlardır. Şimali İrlandiyanın futbolçuları hər həftə belə səviyyəli oyunlara çıxırlar. Ən azından belə atmosferdə oynayırlar. Çempionatlarında hər qarşılaşma milli səviyyəsində matçdır. Avrokuboklarda nə qədər çox komandamız mübarizə aparsa, bir o qədər yaxşı olar. "Qarabağ”ın "Qəbələ”nin qrupda çıxış etməyinin milli komandaya da xeyri dəyir. Futbolçu baxımından təkbətək götürdükdə onlardan geri qalmırıq. Amma çempionatımız hələ o səviyyədə deyil.
- Çempionatımız bri ayrı dərddir. Məsələn, cərimə meydançasından kənarda olan qayda pozuntusuna görə penalti təyin edirlər. Bu da ayrı bir problemdir...
- Baş hakim əvvəlcə cərimə zərbəsi göstərsə də, sonadan penalti təyin etdi. Mən yaxınlaşıb bu haqda onda soruşdum. Məncə, qapının arxasında hakim köməkçisi Rəhim Həsənov baş hakimə penalti olduğunu deyib. Səhvsiz insan yoxdur. Gənc hakimlər belə epizodlarda daha diqqətli olsalar, yaxşı olar. Futbolçunun haqqı yeyiləndə istər-istəməz adama pis təsir edir. Orda həqiqətən penalti olsaydı, heç kim heç nə deyəsi deyildi. Bütün Azərbaycan gördü ki, olmayan penalti qapımıza təyin olundu. Nəticəyə təsir edən səhv idi. Həmin vaxt hesab 1:0 "Neftçi”nin xeyrinə idi. O epizod olmasaydı, ən azından 1 xal qazana bilərdik. Bəlkə də 3 xal bizim olardı. Rəvan Həmzəzadə bir hakim kimi xoşuma gəlir. Sadəcə, gəncdir, diqqətli olmalıdır.
- Ramin Musayev və Xaqani Məmmədovun açıqlamalarında səhvin digər qapı arxasında olan hakim-köməkçisi Rauf Cabbarovda olduğunu bildiriblər…
- Onu qınamaq düzgün olmazdı. Bizim qapının arxasında Rəhim dayanmışdı. O biri qapıdan düzgün qərar vermək olmaz axı.
- Səncə bu, səhvdir, yoxsa qərəz?
- Bir az diqqətli olsalar, daha yaxşıdır. Günahı hakimlərin üzərinə atmıram. Amma insanın haqqı yeyiləndə pis olur.
- "İnter” ilk məğlubiyyətin aldı. Halbuki, həmin penaltidən 2-ci qol vurulmasaydı, hesabı bərabərləşdirə bilərdi…
- Bəli, qalib də gələ bilərik. Ancaq qapımıza o cür penalti verilməyi pis oldu. 2:0-dan sonra oyunu toparlamaq, oyunu dəyişmək çox çətin idi. Xüsusilə də ikinci hissədə.
- Düşünmürsən ki, mövsümün sonunda xallar eyni olanda bu məğlubiyyət həlledici ola bilər?
- Bu oyuna qədər məğlub olmamışdıq. Elə oldu ki, 3 matç ardıcıl heç-heçə etdik. Ən azından məğlub olmurduq. İstəyərdik ki, məğlubiyyətsiz davam edək. Bəlkə də 1 xal bizi Avroliqadan edə bilər. Hakimlər daha diqqətli olmalıdırlar. Bu, həm özləri, həm də bizim üçün yaxşı olar.
- Şimali İrlandiya ilə səfər oyunun necə xatırlayırsan? Son saniyələrdə qol buraxdıq və onda səni günahlandırırlar. Bu da "canlı səddi” düzgün qurmamağın ilə bağlı idi…
- Milli komandada ilk rəsmi oyunum Şimali İrlandiyaya qarşı idi. Buna qədər milli formanı sadəcə, yoldaşlıq görüşlərində geyinmişdim. Qol epizodlarımız oldu. Oyunu əks-hücumlarda qurmuşduq. Bir epizodda futbolçumuz təktəbətək çıxdə və top cərimə meydanından kənarda qapıçının əlinə dəydi. Ancaq baş hakim bunu görmədi. Biz həmin oyunda qələbə də qazana bilərdik. Amma son saniyələrdə qol buraxdıq. Hazırkı milli komanda həminki vaxtdan daha üstündür. İndi özünəinam hissimiz daha böyükdür və hər bir komandaya qarşı oynamaq mümkündür.
- Həmin qol epizodunda rəqib sərt oynadı, hamını itələyərək domino daşı kimi yəxdı. Nəticədə önün açıldı...
- Onların axırıncı şansı idi. "Canlı sədd”ə 5 futbolçu qoymuşdum. Onların 4 oyunçusu da gəlib qarşımda durdu. Mən öz durduğum küncü qoruyurdum. Qapıçı ordan qol buraxırsa, həmişə onun səhvidir. Digər küncə isə "canlı sədd" cavabdehdir. Heç kim istəməzdi belə vəziyyət alınsın. Hakim də kobudluğa göz yumdu. Bizə qarşı haqsızlıq etdi, 6 dəqiqə artırmağı düzgün deyildi. Bizə simpatiyası olsaydı, 3-4 dəqiqə artırardı. Amma həmin an hakimə söz demək çətin idi. Videoyazını izləyəndə görürsən ki, rəqib futboçularımızı əli ilə itələdi.
- Yəni orda sənlik bir şey yox idi?
- Belə deməzdim. Mən öz durduğum küncdən qol buraxıramsa, bu, mənim səhvimdir. 96-cı dəqiqə olmur, 120-ci dəqiqə olsun.
- Özünü nə vaxt milli komandaya tam hazır hiss edirsən?
- Mən əlimdən gələni edib çempionatda özümü yaxşı tərəfdən göstərirəm ki, milli komandaya dəvət alım. Nə vaxt ehtiyac olsa, start heyətində şans verilsə, oynamağa hazıram. Baxmayaraq ki, Kamran hazırda "1 nömrə"dir. Anar Nəzirov, Kamran Ağayev və mən, üçümüz də əsas heyətdə oynamağa hazırıq. Şimali İrandiyada kimin start heyətinə çıxacağı bilinmir. Futboldur, hər şey ola bilər. Baş məşqçi mənə nə vaxt güvənsə, onun etimadını doğrutlmaq üçün əlimdən gələni etməyə hazıram.