"Sabah komandamızı böyük oyun gözləyir. Seçmə mərhələyə yaxşı başladığımızı nəzərə alaraq, əhval-ruhiyyə yüksəkdir. Bura oynamağa gəlmişik. Məqsədimiz yaxşı oyun sərgiləyərək, Bakıya xalla qayıtmaqdır. Bizi çətin oyun gözləyir. Rəqibimiz AVRO-2016-nın seçmə qrup matçında çıxış edib. Hazırlığımız yaxşı keçib. Rəşad Sadıqov zədəli olduğu üçün meydana çıxmayacaq. Qalan 24 futbolçu matça hazırdır".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Şimali İrlandiya yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə mətbuat konfransında deyib.
Daha sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- Rəşad Sadıqovun durumu necədir: Hazırda komanda ilə birgədir, yoxsa düşərgədən müalicəyə yollanıb?
- Rəşadın zədəsi köhnədir, təzə deyil. Norveçlə oyundan sonra meydana çıxa bilmədi. Bu gün Londona gedərək, həkimlə görüşdü. Müayinədən sonra məlum oldu ki, əməliyyat olunmayacaq. Gələn həftədən müalicəyə başlayacaq. Amma 6 həftəyədək yaşıl meydanlardan kənarda qalacaq. Bir tərəfdən yaxşıdır ki, əməliyyat görməyəcək, amma digər tərəfdən uzun müddət oynamayacaq.
- Heyəti açıqlamaq fkriniz var?
- Bilirəm ki, hamı hazırda bunu gözləyir. Həmişə mətbuat konfransında heyəti açıqlamışam. İndi də deyəcəyəm: Kamran Ağayev, Arif Daşdəmirov, Maksim Medvedev, Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Qara Qarayev, Rahid Əmirquliyev, Emin Mahmudov, Ramil Şeydayev, Əfran İsmayılov, Ruslan Qurbanov.
- Dəniz Yılmazın əsas heyətdə meydana çıxacağı halda, yığmamızı gücləndirə biləcəyini düşünürsünüz?
- Mən bu barədə ətraflı məlumat vermək istəmirəm. Şadam ki, indi o, millidədir. Azarkeşlərin fikirlərinə münasibət bildirmək istəmirəm. O, 2 gündür bizimlədir. Türkiyə Super Liqasında çıxış edən oyunçudur. 23 oyunçu arasında yer alacaq. Görək, 90 dəqiqə ərzində nələr baş verəcək.
- Yığmamızın 3 oyundan 7 xal qazanması komandamıza əlavə təzyiq yaratmır?
- 2 il əvvəl bura gələndə deyirdim ki, bu komandanın potensialı güclüdür, vaxt gələcək sürpriz edəcək. İndi həmin vaxt yetişib. Avropada hamı soruşur ki, nə baş verir? Mən də deyirəm ki, heç nə. Komanda öz oyununu sərgiləyir. Komandamızın keyfiyyəti yüksəkdir. Sabah da komandamdan yaxşı oyun gözləyirəm. Amma məğlub da olarıq. Bu, mənim üçün faciə olmayacaq.
- Atletik oyun sərgiləyən komandaya qarşı lazımi səviyyədə mübarizə aparmaq mümkün olacaqmı?
- Mən oyunçularımı uzada bilmərəm ki, 2 metr boyları olsun. Olan materialdan istifadə etməliyik. Çalışmalıyıq ki, onların potensialından yararlanaq. Rəqibin güclü keyfiyyətlərindən yararlanmalarına imkan verməməliyik. Komandamızın fiziki durumuna gəldikdə, futbolçularım 3 günə 2 oyunu necə sərgilədiklərini Norveç və Çexiya ilə qarşılaşmalarda sübut ediblər. Bizim də öz oyun sirrimiz var, onu ortaya qoyacağıq.
- Emin Mahmudovun ilk dəqiqələrdən meydana çıxması diqqət çəkir. O, hansı keyfiyyətlərinə əsasən, 11-likdə yer alacaq. Oyun praktikasının yoxluğu oyununa mane olmayacaq?
- Elə keyfiyyətlər gördüm ki, onu start heyətə daxil etdim. Mahmudov özünü toplanışda müsbət tərəfdən göstərdi. Təəssüf ki, "Boavişta"da oynamır. Ramil Şeydayev barədə də Çexiya ilə oyunda eyni vəziyyət yaranmışdı. Emin mənim "kozır"ım olacaq. Oynaya bilməsə, əvəzləmək imkanım olacaq. 24 futbolçunun hamısı heyətə düşə bilər. Ehtiyatdakı futbolçular da hər an meydana çıxmağa hazırdır. Ehtiyatda həm gənc, həm də təcrübəli oyunçular var. 4 ay əvvəl seçim imkanı yox idi. İndi isə belə imkanın olması yaxşı haldır. Görək sabah 90 dəqiqə necə olacaq? Oyundan sonra burada görüşüb yenə söhbət edəcəyik.