"Qarabağ" klubunun və Azərbaycan milli komandasının futbolçusu Rahid Əmirquliyevin Sportnet.az-a müsahibəsi
- Bir ilə yaxındır "Qarabağ"dasan. Özünüzü lazımı formada hiss edirsən, yoxsa bundan da yaxşı ola bilərsən?
- "Qarabağ"a gələn kimi zədə aldım və demək olar ki, yarım il oynamadım. Zədədən sonra forma yığmaq mənə çətin oldu. İndi özümü yaxşı hiss edirəm. Ancaq istəyirəm ki, daha da yaxşı olum və komandaya xeyir verim. Çalışsaq, istək olsa, bundan da yaxşı oynamaq olar.
- Hamı elə düşünürdü ki, sənin "Qarabağ"a gəlişindən sonra Qara Qarayev heyətdə yer almayacaq. Amma indi fərqli mövqelərdə oynamağa başlamısınız...
- "Qarabağ"a gələndə mənə deməmişdilər ki, kimin mövqeyində, harda oynayacaqsan. Heç daim heyətdə yer alacağımı da deyən olmamışdı. Əsas heyətdə oynamaq üçün gərək özünü sübut edəsən. Ancaq son zamanlar "Xəzər Lənkəran"da da həmin mövqedə oynayırdım. Sırf dayaq yarımmüdafiəçisi kimi yox, hücumçuların arxasında çıxış edirdim. Millidə də həmin mövqedə oynayıram. Elə "Qarabağ"da da Qurban Qurbanov orada şans verir, oynayıram.
- "Qarabağ"a keçməyin riskli olmadı? Məsələn, "Qəbələ"yə keçsəydin, heyətdə daha rahat oturuşa bilərdin. Sən isə yarımmüdafiə xəttində demək olar ki, problem olmayan komandanı seçdin...
- Xeyr. Heyətə düşməyə də bilərdim. Razıyam, "Qarabağ"da orta sahədə çox güclü futbolçular var. Amma "Qəbələ"də də zəif oyunçular yoxdur. Əvvəlcədən də bunu demişdim: "Qarabağ"ı seçməyim sırf baş məşqçi amili ilə bağlı oldu.
- Yəni, Qurban Qurbanovu Roman Qriqorçukdan üstün sayırsan?
- Üstün deməzdim. Çoxdan istəyirdim ki, Qurbanovla işləyim.
- "Qarabağ"la tarixi bir sınaq qarşısında qalmısınız. Bəlkə də Çexiyada "Slovan"la oyunun nəticəsi Avropa Liqasındakı taleyinizə aydınlıq gətirə bilər. Qarşıdakı oyunlardan nə gözləyirsən: V turda bütün məsələlər həll oluna bilər?
- "Slovan" heç də zəif komanda deyil. Oyunumuz səfərdə olacaq. Üstəlik, evdə də bu komanda ilə qarşılaşmada xal itirdik. Son dəqiqə qolu ilə məğlubiyyətdən xilas olduq. Çalışacağıq ki, bu dəfə daha yaxşı çıxış edək və 1/16 finala yüksələk. Təbii ki, "Fiorentina"nın PAOK-la oyunu da var. Bu oyundan da çox şey asılıdır. "Fiorentina" PAOK-u udsa, bizə qrupdan çıxmaq üçün bir xal da kifayət edir. Amma biz qrupdan öz imkanlarımız hesabına çıxmaq istəyirik.
- İlk oyunda "Qarabağ"ı məğlubiyyətdən xilas edən Rəşad Sadıqov oldu. Amma bu dəfə o, olmayacaq. Sadıqovun yoxluğunda necə olacaq?
- Rəşad komandada əsl liderdir. O, meydanda olanda futbolçular da çox rahat olur. Danışır, motivasiya, göstəriş verir. Ancaq belə alındı. Oynamalıyıq, çalışacağıq ki, yoxluğunu hiss etdirməyək və öz oyunumuzla qələbə qazanaq.