AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalarda növbəti qarşılaşmalar baş tutub. Sportnet.az-ın məlumatına görə, "Qəbələ” Futbol Akademiyasının komandaları 13 matç keçirib. Təmsilçilər bu görüşlərin 12-də qalib gəlib və yalnız 1-də heç-heçə edib.
U-19 səfərdə "Vətən”i 2 cavabsız qolla məğlub edib. 10 oyundan sonrakı aktivini 22 xala çatdıran "qırmızı-qaralar” 3-cü pillədə qərarlaşıb.
U-17 "Kəpəz”lə ev oyununda 6:0 hesabı ilə qalib gəlib. "Qəbələ” VIII turdan sonra 20 xala 2-cı yerdədir.
U-15 evdə "Gəncə TİM”ə qalib gəlib – 3:0. Ardıcıl 7-ci dəfə qalib gələn komanda yüzfaizlik nəticə ilə yarışın vahid lideridir.
Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 və U-13-də növbəti matçlarına çıxıb. "Qarabağ”a 5:0 hesabı ilə qalib gələn U-14 mövsümdə 8-ci qələbəsini əldə edib. 9 oyunda 24 xal toplayan komanda 2-ci pillədə qərarlaşıb. "Mançester Yunayted”ə 3:1 hesabı ilə qalib gələn U-13-ün aktivində 9 oyundan sonra 16 xal var və 6-cı yerdədir.
Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında "Qəbələ" bir neçə komanda ilə təmsil olunub. U-12 Liqasında "Qəbələ” UGİM-i (Ağdaş) 9:0, UGİM isə "Şorsu-2”ni 6:1 hesabı ilə məğlub edib. 8 turdan sonra "Qəbələ” 24 xalla 1-ci, bir oyun az keçirən UGİM 22 xalla 3-cüdür.
U-11 Liqasında UGİM "Viktoriya”nı 13:0, "Qəbələ” UGİM "Rabitəçi”ni (Yevlax) 12:0 hesabı ilə üstələyib. İtkisiz liderlik edən komandaların hər ikisi 8 turda 24 xal toplayıb.
U-10 Liqasında "Qəbələ” "Daşqın”a 22:0, Gİİ isə "Baıakən”ə 6:0 hesabı ilə qalib gəlib. UGİM isə Qaxın UGİM-i ilə heç-heçə edib – 1:1. 8 turdan sonra "Qəbələ” 24 xalla 1-ci, Gİİ 18 xalla 2-ci, UGİM 13 xalla 6-cıdır.
Qızların yüksək liqa yarışının VII turunda "Zaqatala” ilə görüşən "Qəbələ” 3:2 hesabı ilə qələbə qazanıb. 6 matçda 13 xal toplayan komanda 2-ci pillədə qərarlaşıb.