1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nazim Süleymanov: "Millini kimsə özəlləşdirib ki?!" - MÜSAHİBƏ
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasının (U-19) baş məşqçisi postundan gedən Nazim Süleymanovun Sportnet.az-a müsahibəsi
- AFFA-nın qərarı ilə vəzifənizdən ayrıldınız. Bunu gözləyirdiniz?
- Bu milli komandada 2 il işlədim. Ən birinci məqsədimiz elt-raunda çıxmaq, digər vəzifə U-21-ə futbolçu vermək idi. Təəssüf ki, ilk məqsədimizi həyata keçirmək alınmadı. Digərini isə zamanla biləcəyik ki, hansı futbolçular gələcəkdə 21 yaşlılara düşmək baxımından özlərini yaxşı tərəfdən göstərəcəklər. AFFA rəhbərliyinə dərin təşəkkürümü bildirmək istərdim ki, xidmətimdən istifadə etdilər. Milli komandada işləmək şərəf və qürurvericidir. Başqa nə demək olar ki?
- Sizcə, bu qərar nəticəyə əsasən verildi?
- Əfsuslar olsun ki, nəticə olmadı. Amma 1998-ci il təvəllüdlülərdən yaxşı komanda yaratmışdıq. Bəzi amillərin təsiri oldu ki, elit-raunda çıxa bilmədik. Ancaq komanda pis deyildi. U-19-da yaxşı futbolçular vardı. Ancaq təəssüf ki, vəzifənin öhdəsindən gələ bilmədik.
- Uğursuzluqda hansı amillər rol oynadı?
- Məsələn, Avstriya ilə noyabrın 4-də saat 15:00-də oynayırdıq. Biz Sloveniyadan qrup oyunlarının keçirildiyi Litvaya müəyyən səbəbdən axşam 9-də çatdıq, ertəsi isə oynadıq. Adaptasiya ola bilmədik. Birinci oyunda gözləmirdim ki, belə uduza bilərik. Ümumiyyətlə, 1 il ərzində təlim-məşq toplanışında belə oyun görməmişdim, belə zəif təsir bağışlamamışdıq. Qapıçılar da bəzi səhvlərə yol verdilər. Biri var yoldaşıq matçları, biri də var beynəlxalq görüşlər. Bunlar ayrıdır, seçmə oyunlar isə tam fərqlidir.
- AFFA-da görüşünüz oldumu?
- Bəli, rəhbərliklə, konkret, Baş katib Elxan Məmmədovla görüşdüm. O dedi ki, nəticə olmadığına görə müqavilə dekabrın 1-dən qarşılıqlı razılıq əsasında dayandırılacaq.
- Artıq xələfiniz də məlumdur – Təbriz Həsənov...
- Bu, yaxşı təyinatdır. Çünki Təbriz müəllim bu komanda ilə 3 il birgə olub, bu il Bakıda final mərhələsində çıxış edib. Yığmamız həmin turnirdə çox yaxşı təsir bağışladı. Bəlkə də ən gözəl qərar budur. Həsənov ona çox yaxşı tanış olan 1999-ci il təvəllüdlülərlə birgə olacaq. Onun həmin yığmada olması daha yaxşıdır.
- Təbriz Həsənov sizinlə əlaqə saxlayıb halallıq aldınmı?
- Mən başa düşmürəm belə şeyləri. Bəlkə də halallıq məsələləsi yalnız bizdədir. Bu, normal şeydir ki, kimsə gedir, kimsə gəlir. Başa düşmürəm, məgər milli komandanı kimsə özəlləşdirib ki? Biz müqavilə əsasında işləyirik. Bu komanda nə Nazim Süleymanov, nə Təbriz Həsənov, nə də Mehman Süleymanovundur. Milli komanda hamımızındır. Bu gün Təbriz müəlim, sabah başqa məşqçi işləyə bilər. Hamımız dəstək olub kömək etməliyik. Çünki hamımızın millisidir. Mən belə başa düşürəm. Əlbəttə, Həsənova uğurlar arzulayıram və həmişə də dəstək verməyə hazırıq.
- Yeni baş məşqçinin sizinlə əlaqə saxlayaraq tövsiyyə alacağını gözləyirsinizmi?
- Təbriz müəllim 1999-cu il təvəllüdlüləri məndən daha yaxşı tanıyır. Düzdür, mən də 1998-1999-cu il təvəllüdllülərlə çalışırdım. Sadəcə, seçim prosesində yaşa görə 1998-ci il təvəllüdlülərə üstünlük verirdik.
- Karyeranızda növbəti səhifə olan U-19-da 2 illik fəaliyyətiniz sizə nə qazandırdı?
- Gənclərlə işləmək tam başqa ab-hava, psixolojiyadır. Böyük klublarda peşəkar futbolçular olur. Ancaq 18-19 yaşlı futbolçular özlərini daha peşəkar apara bilərlər. Çox amillər var. Bunun özü də bir təcrübədir və bu baxımdan özüm üçün faydalı oldu.
- Ancaq baş məşqçinin işinə nəticəyə əsasən qiymət verirlər...
- Bəli, hər zaman ilk növbədə, nəticəyə baxırlar. Mənə elə gəlir ki, bir ağacın bar verməsi üçün ona zaman lazımdır. Bir bağbana ağacı yetişdirmək üçün illər gərəkdir.
- Sizə bunun üçün yetərincə zaman verdilərmi: Yoxsa bəlkə daha 1 il də işləyəcəyinizi gözləyirdiniz?
- Hər il yaş dəyişir. Gərək hər zaman nəticə verib irəliyə gedəsən. Təəssüf ki, nəticə qazana bilmədik.
- Ruhdan düşmürüsünüz ki, məşqçilik fəaliyyətinizdə növbəti uğursuzluq oldu və fəaliyyətiniz başa çatdı?
- Başa çatdı deyəndə ki, biz məşqçiyik. 2 il gənclərlə işlədim. Onların peşəkar futbolçu kimi yüzdəyüz nəsə götürmələrinə çalışmışdım.
- Bir müddət məcburi istirahətdə olacaqsınız, yoxsa bəlkə artıq yeni təklifiniz var?
- Heç bir təklifim yoxdur. Gözləmə mövqeyi olacaq. AFFA Məşqçilər Komitəsinə də təşəkkürümü bildirirəm. Onlara hesabatımı da vermişəm.
- Sizi yenidən milli komandada görə bilərimi? Ancaq bu dəfə Robert Prosineçkinin məşqçilər korpusunda...
- Bu sual mənə aid deyil. Çünki qərarı mən vermirəm.
Mehman SÜLEYMANOV