"Qarabağ”ın Avropa Liqasının pley-offuna çıxmaq uğrunda dekabrın 8-də taleyüklü matçda rəqibi olacaq "Fiorentina” məşhur hücumçuları ilə həmişə diqqət çəkib. Elə təkcə Qabriel Batistutanın adını çəksək, yetərlidir. Düzdür, indi Florensiya təmsilçisinin heyətində belə ulduz futbolçu olmasa da, hücum xəttini genişdir – Mauro Zarate, Nikola Kaliniç, Yosip İliç...
Artıq öz sözlərini demiş bu təcrübəli ön xətt oyunçuları ilə yanaşı, parlayan gənclər də var. Bunlar italiyalı Fernardo Bernarderski ilə seneqallı Kuma Babakardır. "Fiorentina”nın son turda evdə "Palermo” üzərində 2:1 hesablı əzmkar qələbəsi birbaşa bu duetin əməyinin nəticəsi olub. Bernarderski penaltidən hesabı açıbsa, Babakar son saniyələrdə başla qələbə topunun müəllifi olub.
Cəmi 22 yaşı olan, İtaliya futbolunda gələcəyinə böyük ümidlər bəslənilən Bernarderski A seriyasının cari mövsümündə vurduğu 7 qolla komandasının bombardiridir. Sol ayağı ilə də yaxşı oynayan Fernardonun güclü zərbələri qapıçılar üçün əsl təhlükə mənbəyidir.
Kaliniç "Qarabağ”a hələ "Dnepr”də oynadığı vaxtdan yaxşı tanışdır. Onda Ukrayna klubu çempionumuzu Tofiq Bəhramov adına Respublika stadionunda məhz xorvatiyalı hücumçusunun dublu ilə 2:1 hesabı ilə yendi. Sonda növbəti mərhələyə məhz "Dnepr” çıxdı və tarix göstərdi ki, "Qarabağ”ın səfərdə məğlub etdiyi "Dnepr”ə evdə uduzması həlledici oldu. Nikola "Fiorentina”nın heyətində də Qurban Qurbanovun komandasının qapısına yol tapmağı bacarıb. Bu, Florensiyada 5:1 hesabı ilə qalib gəldikləri matçda olub.
Həmin oyunda 2 dubl olub ki, bunlardan 1-nin müəllifi Zaratedir. İtaliya A seriyasında uzun illər top qovan, "Latsio”da çıxışı ilə tanınan 29 yaşlı hücumçu meydanda əvvəlkitək parlaq sima deyil. Daha çox ehtiyatda qalan Zarate A seriyasında bu mövsüm 14 oyunda hələ də qol hesabını aça bilməsə də, Avroliqada 2 dəfə fərqlənməyi bacarıb. Bu isə məhz "Qarabağ”la oyunda reallaşıb. 61-ci dəqiqədə Bernarderski əvəzləyən Zarate 15 dəqiqəyə dubl edib.
Ancaq ağdamlılara həmin matçda əsas zərbəni Babakar vurub. Çünki darmadağının əsasını məhz Afikanın "qara mirvarisi”si qoyub. Bu, 7 dəqiqəyə (39 və 45+1-ci dəqiqələrdə) olub. Mənə görə, "Fiorentina"nın hazırda əsas gücü, qol silahı məhz bu gənc hücumçudur. Seneqal millisinin da şərəfini qoruyan Kuma "Fiorentina”nın yetirməsidir və 2009-cu ildən, 16 yaşından onun futbolçusudur. Sadəcə, heyətdə möhkəmlənə bilmədiyinə görə digər klublara icarəyə verilib. Nəhayət, hazırkı baş məşqçi Paulo Souza ona inanaraq artıq əsas komandanın üzvü edib.
1,91 metr boya malik Babakar yaxşı fiziki göstəricilərə malik, atletik, topu gövdəsi ilə yaxşı gizlədə bilən, bir sözlə, əsl taran tipli mərkəz hücumçusudur. O, "Fiorentina”da debütünü İtlaiya kubokunu qolla qeyd edib. Ən əsası, A seriyasında 16 yaşında fərqlənməklə ən gənc qol vuran futbolçu kimi adını tarixə yazdırıb.
"Bənövşəyilər"in güclü hücum xətti məhsuldarlıqda özünü göstərib. PAOK-la qolsuz bərabərlikdən sonra 4 oyuna 13 qol vurub ki, bu da hər oyuna orta hesabla 3 qol deməkdir. Təbii ki, Bakar və digər güclü hücumlulara qarşı mübarizədə əsas yük "Qarabağ"ın arxa xətt oyunçularının, xüsusilə də mərkəz müdafiəçilərindən üzərinə düşəcək. Bu mənada Bədavi Hüseynovun yanında zədəli, ancaq oynamaq üçün alışıb-yanan, riski gözə önünə alaraq məşq edən kapitan Rəşad Sadıqovun olması çox vacibdir.
Mehman SÜLEYMANOV