"Sumqayıt"ın qış hazırlıq planı müəyyənləşib. Klubun prezidenti Kamran Quliyevin Sportnet.az-a verdiyi məlumata görə, komanda ötən qış fasilələrində olduğu kimi Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yollanacaq.
Quliyev bu məsələnin həllini tapıdığını bildirib: "Təşkilati məsələləri demək olar yekunlaşdırmışıq, müqavilə də imzalanıb. Komandamız yanvarın 10-dan 20-dək Antalyada təlim-məşq toplanışında olacaq. Bu, ötən il qaldığımız oteldə olacaq. Side bölgəsində yerləşir. Yeni bir məkanda 2-3 ildir tikilən oteldir. Bütün Antalya bölgəsində ən səviyyəli idman mərkəzi sayılır. 12-13 meydançaya malikdir. Hamısı da yüksək səviyyədə. Hazırlıq matçı üçün istədiyin qədər çox komanda var. Orda yoxlama oyunu keçimək üçün yaxşı rəqiblər tapmaq olacaq".
Klub prezidenti rəqiblərin adlarının səfərə çıxmamışdan 1 həftə qabaq bəlli olacağını söyləyib: "Bir dəyişiklik olmasa, 3 rəqiblə yoxlama oyunu keçriməyi planlaşdırırıq. Heyətlə bağlı dəyişiklər də hələ məlum deyil. Baş menecer Ceyhun Sultanovla baş məşqçi Samir Abasovun bununla görüşü dekabrın 22-24-ü aralığında olacaq. Yəni "Qarabağ"la kubokda cavab matçınadək söhbət nəzərdə tutulmayıb. Yəqin ki, planlarda nəsə var. Ancaq indi bunu açıqlamaq düzgün olmazdı. Futbolçulardan heç kim bilmir ki, kim qalır, kim gedir".