"Qəbələ"nin braziliyalı futbolçusu Rikardinyo vətəninə yollanıb. Bu haqda Sportnet.az-a məlumat verən klubun həkimi Roman Jolobaylyuk zədəli müdafiəçinin müalicəsini Braziliyada davam etdirəcəyini bildirib.
"Qırmızı-qaralar" 32 yaşlı legionerinin bu il daha meydana çıxmayacağını, vətəninə yolun uzaq olduğunu, gedib-gəlməyin bir neçə gün vaxt aparacağını nəzərə alıb: "Bildiyiniz kimi, "Rikardinyo "Maynts"la Avroliqada səfər matçında aldığı zədəyə görə yalnız qış fasiləsindən sonra oynaya biləcək. Ona görə də vətəninə istirahətə bir qədər tez yollandı. Biz onu bir müddət burada müalicə etdik. Qalan prosesi Braziliyada davam etdirəcək. Bununla əlaqədar futbolçuya lazımı prosedurları təyin etmişik. Yanvarın əvvəlində bir araya gəldiyimiz zamanı Rikardinyonu yenidən müayinə edəcəyik. Onun qış fasiləsində komandanın təlim-məşq toplanışında iştirakı nəzərdə tutulub".
Qeyd edək i, "Qəbələ" yanvarın 9-da bir araya gələcəyi Antalyada 16 günlük təlim-məşq toplanışında olacaq.