İdman Araşdırmalar Mərkəzinin həyata keçirdiyi "İlin qalibləri-2016" layihəsi çərçivəsində "İlin komandası" nominasiyasında qaliblər müəyyənləşib. Sportnet.az xəbər verir ki, qaliblər futbol və digər idman növləri üzrə müəyyənləşib.
Futbol komandalarından bu ada Azərbaycan millisi layiq görülüb. Bu komanda tarixində ilk dəfə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində ili 4 oyundan 7 xalla başa vurduğu üçün qalib olub. Bunun üçün 57 jurnalistdən 21-nin (36 %) səsi yetərli olub. "Qarabağ" 17 səslə ikinci, futzal millisi 14 səslə 3-cü olub. "Qəbələ" 3, "Zirə" və "Kəpəz" isə hərəyə 1 səs toplayıb. Mükafatı Azərb millimizin futbolçusu Rahid Əmirquliyevə AFFA KLublar Komitəsinin sədri Fikrət Hüseynov təqdim edib.
Digər növlərdə isə taekvondo yığması respondentlərdən 32-nin (54 %) səsini qazanıb. Bu komanda ardıcıl ikinci il komandalararası dünya çempionatının qalibi olduğu üçün fərqləndirilib. Cüdo yığması 12 səslə 2-ci, "Synergy Baku" 8 səslə 3-cü yeri tutub. Sonrakı yerləri 3 səslə voleybol millisi, həmçinin, hərəyə 1 səslə qadın şahmatçılardan ibarət komanda və "Azəryol" klubu tutub.
Mükafatı komandanın məşqçisi Elnur Amanova Azərbaycan cüdo yığmasının üzvü, dünya çempionu Elxan Məmmədov təqdim edib.