"İlk qarşılaşmada 2 top fərqi ilə uduzmuşuq. Oyuna yox, hesaba görə bizim üçün pis nəticədir. Bu səbəbdən sabah bizi ölüm-dirim mübarizəsi gözləyir". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev bildirib.
Dekabrın 21-də doğma meydanda "İnter”lə ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununa çıxacaq gəncəlilər artıq hazırlığı başa vurub. Mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyan və uzun sürməyən hazırlıq prosesindən sonra Diniyev matçla bağlı fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis bildirib ki, mərhələ adlamaq istəyiriksə, mütləq uyğun hesabla qalib gəlməliyik: "Taktiki cəhətdən daha ağıllı oynamalıyıq. İlin son matçıdır, odur ki, ən başlıcası azarkeşləri sevindirməyə çalışacağıq. Komandada zədəlilər çoxdur. Renan Alves, Kərim Diniyev və Tadas Simaitis zədəli halda oynayacaq. Futbolçular xarakter göstərib oynayırlar"
Diniyev Azərbaycan Premyer Liqasının son turunda "Qəbələ"yə səfərdə uduzmalarının futbolçularının əhval-ruhiyyəsini korlaya bildiyini gozlətməyib: "Amma bunun kubok oyununa təsir etməməsinə çalışırıq. Meydana qələbə üçün çıxacağıq. Yeni ilə yaxşı nəticə ilə yollanmaq istəyirik”.