"Neftçi"nin legioneri Jonas Pesalli Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Zirə" ilə cavab oyunundan sonra müsahibə verib. Braziliyalı yarımmüdafiəçi Sportnet.az-ın qarşılaşmada olan əməkdaşının da suallarını cavablandırıb.
- Yarımfinala yüksələn sonuncu komanda oldunuz. Buna inanırdınızmı?
- İlk oyunda yaxşı nəticə qazanmışdıq. Onu qorumağa, yekunda isə yarımfinalçılardan biri olmağa çalışdıq. Bunun öhdəsindən gəldik. Bu münasibətlə həm azarkeşlərimizi, həm də rəhbərliyimizi təbrik etmək istərdim.
- Mərhələ adlamağınızda nə qədər payının olduğunu sayırsan?
- Biz bir komanda, bir ailəyik. Mərhələni yalnız mən yox, komandamız adlayıb. Meydanda kollektiv şəklində olmasaydıq, mən də qollar vura bilməzdim. Nə qədər payım olduğunu deyə bilmərəm. Qələbədə hər kəsin əməyi, zəhməti var.
- Demək olarmı ki, uduzduğunuza görə üzülmədiyin nadir oyunlardandır?
- Uduzduğumuza görə üzülmürəm. Bəlkə də futbol həyatımda yeganə oyundur ki, uduzsaq da, narahat deyiləm. Çünki növbəti mərhələdəyə vəsiqə qazanmışıq.
- Növbəti rəqibiniz "Qarabağ”a qalib gələcəyiniz realdırmı?
- Bu gün mərhələ adlamışıq və bunun dadını çıxarmağa çalışacağıq. Daha sonra yanvarda təlim-məşq toplanışımız olacaq. Yəqin ki, heyətimiz gücləndiriləcək. Bu, gözlənilir. Qayıtdıqdan sonra "Qarabağ”la yarımfinaı sınağı haqda düşünməyə dəyər. İndi bu, tezdir.
- "Neftçi” necə dəyişməlidir ki, əvvəlki qaytarsın? Həm də "Qarabağ” səddini aşacağınız möcüzəyə bənzəyir...
- Bunu heç kim deyə bilməz. Çünki "Zirə” ilə qarşılacağımızz bəlli olanda əksəriyyət rəqibi favorit sayırdı. Ancaq biz bu səddi keçdik. Təbii ki, baş məşqçimiz heyətin güclənməsi üçün əlindən gələni edəcək. Onun tapşırıqları yerinə yetirsək, hər şeyin uğurli olacağına inanırıq.
- "Neftçi” legionerləri dalbadal yola salır. Səninlə bağlı vəziyyət dəqiqləşibmi?
- İlk gündən komandaya kömək etmək üçün çalışmış, uğur qazanmaq üçün mübarizə aparmışam. Əslində, "Neftçi" ilə müqaviləm bu ayın sonunda başa çatacaq. Qalmağımla bağlı təklif almışam. Bu, istəyimdir. Amma alınıb-alınmayacağını deyə bilmərəm.
- Müqavilədə dəyişdirilməsini istədiyi şərt varmı? Yeni anlaşma imzalasan, müddəti nə qədər olacaq?
- Bu haqda danışmamışıq. "Neftçi” məni saxlamaq istəyini bildirib. Bu gündən etibarən menecerim Kamil (Kamil Məmmədov nəzərdə tutulur-red.) bu işlə məşğul olacaq. Qalacağıma inanıram. "Neftçi"dən yeni müqaviləyə əsasən xüsusi bir istəyim yoxdur.
- Maaşının artırılmasını istəmisən?
- Pul söhbəti olmayıb. Sadəcə, "Neftçi”nin heyəti yenilənir. Yeni layihələr həyata keçiriləcəyindən, bu baxımdan qalmağı düşünürəm.
- Yeni qurulacaq komandada heyətə düşməməkdən ehtiyatlanırsan?
- Futbolda hər şey ola bilər. Amma komandanın güclənəcəyini və özümüm ehtiyatda qalacağımı düşünməmişəm. "Neftçi"də qalıb-qalmamağımdan asılı olmayaraq onun güclənməsini, uğur qazanmasını arzulayıram. Çünki klubumuzun böyük tarixi var. "Neftçi" hər zaman uğur qazanıb və həmin günlərin geri qayıtmasını arzulayıram.