"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov AFFA Klublar Komitəsinin bugünkü iclasından sonra brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, Nəcəfov həm toplantı, həm də komandası ilə bağlı sualları cavablandırıb.
- Klublar Komitəsinə yeni sədr Kamran Quliyev seçildi. Necə oldu ki, hamı ona səs verdi?
- Bəzi klubların, o cümlədən də mənim səsvermədə iştirak etməmək hüququm var idi. Nəticədə 3 klub qaldı və "Sumqayıt”ın prezidenti qalib gəldi.
- 2016-cı ili "Qəbələ” üçün ili necə dəyərləndirərdiniz?
- "Qəbələ” ardıcıl ikinci 2-ci il Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla böyük uğura imza atdı. Bununla yanaşı, ötən ildən fərqli, bu mövsüm çempionatda daha uğurlu çıxış edirik. Sözsüz ki, qrupa düşdükdən sonra daha yaxşı nəticələr gözləsək də, bəzi səbəblər buna mane oldu. Ehtiyat oyunçular skamyamızın qısa olması və digər səbəblər üzündən istədiyimiz qədər xal yığa bilmədik. Ümumilikdə, "Qəbələ”nin bu il ərzindəki çıxışını uğurlu sayıram. Ümid edirəm ki, bunu növbəti ildə də davam etdirəcəyik.
- Hücumçu axtarışındasınız. Transfer çalışmalarınız nə yerdədir?
- Bəli, iki futbolçu ilə güclənmək fikrindəyik. Axtarışlar davam edir. Hələlik konkret ad yoxdur. Avropa Liqasından qazandığımız pulun bir hissəsini transferlərə xərcləmək istəyirik.
- Komandadan gedən olacaqmı?
- Ola bilər. Əslində, komadandamıza futbolçu çatışmazlığı var. Bu üzdən heç kim getməyə də bilər. Bu məsələdə son sözü baş məşqçimiz deyəcək. Onunla isə bu haqda hələ danışığımız olmayıb.
- İcarəyə verdiyiniz futbolçuların qaytarılması gündəmdə varmı?
- Həmin futbolçuları 1 illiyı icarəyə vermişik. Qaytarmaq ehtimalımız yoxdur. Amma çox istərdik ki, "Sumqayıt”dan Yusif Nəbiyevi qaytaraq. Ola bilsin ki, bir neçə gənc futbolçumuzu da icarəyə verdik. Çünki futbolçu az oynayanda onda geriləmə müşahidə olunur. Onların adlarını baş məşqçi ilə də razılaşdırmışıq. Amma tam dəqiq deyə bilmərəm.
- Sadiq Quliyev "Zirə”də əsas heyət oyunçusu olsa da, "Qəbələ”yə qayıtdıqdan sonra nadir hallarda meydana çıxır. Düşünmürsünüz ki, onun "Zirə”də qalması daha yaxşı olardı?
- Sadiqi yenə hansısa komandaya icarəyə vermək istəyirdik. Çox təəssüf ki, "Zirə"də bir qədər uğursuz çıxışı onun başqa komandaya getməsinə imkan vermədi.