"Boavişta"da çıxış edən Emin Mahmudov Portuqaliya çempionatında qol vuran 2-ci azərbaycanlı futbolçu olub. Sportnet.az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi "Neftçi"nin sabiq baş məşqçisi Vəli Qasımovun bu göstəricidə nailiyyətini təkrarlayıb.
Ancaq Mahmudovdan fərqli olaraq Qasımov buna həmin ölkənin həm Premyer Liqasında, həm də aşağı divizionunda nail olub. Keçmiş ücumçu 1997-99-cu illərəd ardıcıl 2 mövsüm çıxış etdiyi "Vitoriya Setubal"da 15 qola imza atıb. O, bundan sonrakı 2 mövsümü isə aşağı dəstədə "İmortal"da keçirib və 16 dəfə rəqib qapılarına yol tapıb. Qasımov Portuqaliya kubokunda yeganə qolunu məhz bu klubda vurub.
Bir sözlə, millimizin sabiq hücumçusu 4 illik Portuqaliya karyerasında 32 dəfə fərqlənib və futbolçu kimi çıxışını 2001-ci ildə "İmortal"da başa vurub.
Qasımovun üstünlüyü ondadır ki, o, qol hesabını 2-ci matçında açıb. Bu, 1997-ci ilin avqutsun 31-də "Benfika"ya evdə 1:0 hesabı ilə qlaib gəldikləri oyunda baş verib. Futbolçumuz tanınmış rusiyalı qapıçı Sergey Ovçinnikova qol vurub.
Maraqlıdır ki, Qasımov da Mahmudov kimi oyunun 11-ci dəqiqəsində fərqlənib. Sadəcə, Emin cari mövsümdən şərəfini qoruduğu klubda qol hesabını 5-ci matçında aça bilib. O, ilk dəfə start heyətdə meydana çıxdığı matçdaca etimadə doğruldub.