"Hələ ki komandamızdan gedənlər iranlı legionerlərdir. İbrahim Abednezhad və Afşin İsmaelzadehi artıq göndərmişik. Ancaq yenə gedən futbolçular olacaq. Bunu baş məşqçi ilə söhbətimdən sonra dəqiq biləcəyəm".
Bu fikirləri Sportnet.az-a açıqlamasında "Sumqayıt"ın baş meneceri Ceyhun Sultanov deyib. Onun sözlərinə görə, baş məşqçi Samir Abasovla növbəti həftə görüşəndən sonra heyətdəki dəyişikliklərə tam aydınlıq gələcək: "Samir müəllim qarşıdakı həftənin ikinci günü Bakıda olacaq. Həmin vaxt oturub heyətlə bağlı məsələləri müzakirə edəcəyik. Baş məşqçi komandada kimi görmək istəməyəcəksə, onunla yollarımızı ayıracağıq. Mənə elə gəlir ki, gedən daha iki futbolçu da olacaq. Bizdə müqaviləsi bitən oyunçu yoxdur. Gedəcək futbolçuların anlaşmaları var. Onlarla danışıqlardan sonra müqaviləni ikitərəfli şəkildə pozacağıq".
Yeni futbolçuların gəlişi haqda da danışan baş menecer iki mövqeyə diqqət yetirdiklərini söyləyib: "Bizdə sağ cinah müdafiəçisi və dayaq yarımmüdafiəçisi mövqyeində problemlər var. Onların güclənməsinə ehtiyac var. Həmin mövqelərə istədiyimiz futbolçularla danışqılar gedir. Ancaq onları klubları ilə müqavilələri olduğundan, cəlb etməkdə çətinlik çəkirik. Çalışırıq ki, dediyim mövqelərdə boşluqları normal futbolçularla dolduraq".
Mehman SÜLEYMANOV