"Trabzonspor"un gənc futbolçuları Abdulkadir Ömürlə Yusuf Yazıçının Türkiyə Kubokunda "Kızılcabölükspor"a 5:0 hesabı ilə qalib gəldikləri qrup matçında nümayiş etdirdikləri oyun çox bəyənilib. Sportnet.az-ın məlumatına görə, 17 və 19 yaşı olan bu futbolçuları əsas komandaya qazandıran sabiq baş məşqçi, uşaq futboluna cavabdeh olan Sadəttin Tekelioğlu onları "Trabzonspor"un gələcəyi adlandırıb.
61 yaşlı türkiyəli mütəxəssis həmin matçda qol və məhsuldar ötürmələrlə yadda qalan Ömürlə Yazıçının daha çox şans qazanmalı olmalarını diqqətə çəkib: "Onlar transfer edilən futbolçuların çoxundan yaxşıdır. Daha öncə üçüncü liqa və aşağı liqa komandaları ilə kubok matçlarında oynadılar. Bu futbolçulara bir dəqiqə belə şans verilmədi. Transfer edilənlərin oyunu alınmayınca gənclərə sarıldılar. Yeni futbolçular uğurlu olsaydı, bu gənclərin adları xatırlanmazdı. Baş məşqçi Ersun Yanal 20 gündə bu futbolçuları hazır vəziyyətə gətirdmi? Ramil Şeydayev transfer edildi, o hardadır? 12 matç oynayan, 1 qol belə vurmayan futbolçu var. Prezidentimizin və baş məşqçimizin söylədiyi kimi, səbr ediləcəksə, bu gənclərlə səbr edilsin. Uzaqda axtarışa gərək yoxdur. Bu gənclər "Trabzonspor"un gələcəyidir".
Qeyd edək ki, Azərbaycan milli komandasının 21 yaşlı hücumçusu Ramil Şeydayev bu yay gəldiyi "Trabzonspor"da Super Liqada cəmi 1 oyun keçirib.