"Zirə” komandası Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, rəqib Bolqarıstan "Lokomotiv”i olub.
Baş məşqçi Ayxan Abbasov start heyətində Anar Nəzirov, Migel Lorenzo, Sadiq Quliyev, Viktor İqbekoyi, Təmkin Xəlilzadə, Akim Latifu, Vüqar Mustafayev, Milan Duriç, Sezar Meza Kolli, Elvin Məmmədov və Elgün Nəbiyevə şans verib. Yovan Krneta zədəli olduğu üçün forma geyinməyib.
Qarşılaşmanın ilk dəqiqələrindən etibarən "qartallar” rəqib qapısı qarşısında bir neçə təhlükəli vəziyyətlər yaratsa da, fasiləyə qədər hesab açılmayıb. İkinci hissədə də topa nəzarət daha çox Azərbaycan komandasının tərəfində olub. Edilən dəyişikliklər nəticəsində Kamal Bayramov, Adil Nağıyev, Tural Cəlilov, Aleksandr Şemonayev, Yamin Ağakərimzadə, Murad Səttarlı, Vüsal İsgəndərli, Cavid Tağıyev və Nurlan Novruzov meydana daxil olub. Yalnız Viktor İqbekoyi və Sadiq Quliyev qarşılaşmanı əvəzolunmadan keçirib.
70-ci dəqiqədə Şemonayevlə rəqib futbolçu arasında yaranan mübahisə hər iki futbolçunun qırmızı vərəqə alması ilə nəticələnib. Son dəqiqələrdə isə Bolqarıstan təmsilçisi cərimə zərbəsi ilə hesabı açıb. Bu qol oyunda yeganə olub və "Zirə" yoxlama oyununda məğlub olub - 0:1.