Azərbaycanlı hakimlər Antalyadakı təlim-məşq toplanışının son günündə də idarə etdikləri matçda qırmızı vərəqəsiz ötüşməyib. Sportnet.az-ın məlumatına görə, bu dəfə Emin Nağıbəyov baş hakimi olduğu "Stal" (Ukrayna) - "Tırqu Mureş" (Rumıniya) oyununda futbolçunu meydandan qovub.
Bu, Rumıniya klubunun seneqallı müdafiəçisi Qaston Mendi olub. Legioner 36-cı dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan çıxarılıb. Amma yoxlama oyunu olduğundan, "Tırqu Mureş" azlıqda qalmayıb və Mendinin əvəzinə meydana yeni futbolçu daxil olub.
Nağıbəyov bu oyunda 6 sarı vərəqə göstərib ki, onlardan yarısı "Stal"a olub. Ancaq onlar arasında millimizin müdafiəçisi Pavel Paşayev olmayıb. Paşayev start heyətində meydana daxil olub və 46-cı dəqiqə əvəzlənib.
Nağıbəyova matçda yan xətt hakimləri Zeynal Zeynalovla Rahil Məmmədov yardımçı olub. Matç ukraynalıların 2:0 hesablı qələbəsi ilə nəticələnib.
Ukraynalıların oyununda azərbaycanlı daha bir briqada "Karpatı"nın əvəzedici komandasının Qazaxıstanın "Akjayık" klubu ilə matçında iş başında olub. Bu, Qorxmaz Eldarovun baş hakimi olduğu qarşılaşmadır ki, ona Vüsal Qəmbərovla Namiq Hüseynov yardımçı olub.
Qeyd edək ki, FİFA referisi Rəhim Həsənov dünən Ukraynanın "Dnepr" klubunun Zaqreb "Dinamo"suna 1:3 hesabı ilə uduzduğu matçda "Qarabağ"ın sabiq legioneri Sergey Kravçenkonu meydandan qovub. "Dnepr"in yarımmüdafiəçisinə 70-ci dəqiqədə əvvəlcə sarı, sonra qırmızı vərəqə göstərilib.