Azərbaycan milli komandası tarixində 2-ci dəfə Qətər yığması ilə görüşəcək. Sportnet.az-ın məlumatına görə, millimiz bu ölkənin yığması ilə yenə paytaxt Dohada Şeyx Cassim ibn Hamad adına stadionda qarşılaşacaq.
2013-cü ilin mayın 29-da keçirilmiş ilk matç da beynəlxalq yoldaşlıq görüşü olub. Onda millimiz baş məşqçi Berti Foqtsla 1:1 hesablı bərabərliyə imza atıb.
Oyunun 33-cü dəqiqəsində rəqib futbolçu İbrahim Xalfan penalti ilə Kamran Ağayevin qoruduğu qapıya yol tapıb. Hesabda uzun müddət geridə olan komandamız sona 1 dəqiqə qalmış məğlubiyyətdən qaça bilib. Bərabərlik qolunun müəllifi hazırkı baş məşqçi Robert Prosineçkinin vaxtında çağırılmayan hücumçu Rüfət Dadaşov olub.
Oyunun liviyalı baş hakimi Tamuni Vahid yığmamızdan 1 futbolçunu cəzalandırıb. Bu, 75-ci dəqiqədə sarı vərəqə alan Rasim Ramaldanov olub. "Qəbələ"nin yeni transferi, həmin vaxt "Simurq"da oynayan bu müdafiəçiyə də Prosineçki dəvət göndərmir.
Xorvatiyalı mütəxəssis millimizin Qətərə qarşı oynadığı həmin heyətindən Kamran Ağayevlə yanaşı, müdafiəçilər Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, yarımmüdafiəçilər Ruslan Abışov, Qara Qarayev, Elvin Məmmədov, Əfran İsmayılovu çağırır. Abışov həmin matçda millimizdə kapitan sarğısını daşıyıb. Bu da əsas kapitan Sadıqovun əsas heyətdən kənarda qalması ilə bağlı olub. Rəşad fasilədən dərhal sonra meydana girib.
Xatırladaq ki, Qətər - Azərbaycan oyunu martın 9-da Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.