"Biz futbolçu olaraq həm millidə, həm də klubda ən yaxşısını, maksimal nəticə qazanmaq istəyirik. Ancaq reallıqlar var ki, biz bunu qəbul etməliyik. Almaniya yığması bu gün dünyanın ən yaxşı komandalarından biridir, bəlkə də birincisidir". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev AFFA-nın "Facebook" səhifəsində "Sualla zərbə" rubrikasında verilən növbəti suala cavabında bildirib.
Məlum olduğu kimi, millimizin bu il ilk rəsmi matçı - DÇ-2018-nin seçmə mərhələsində növbəti oyunu martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda Almaniya yığması ilə olacaq. Rəqibin baş məşqçisi Yoahim Löv Azərbaycanla qarşılaşmanı qrupun "Top oyun"u sayır. Görəsən, Lov bunu deməklə zarafat edirmi? Millimiz bu fikrin zarafat olmadığını sübut etməyi bacaracaqmı? Q.Qarayevi dinləyək: "Bilmirəm, Löv hansı məqsədlə bu sözü deyib. Bizim üçün Almaniya üzərində qələbə qazanmaq böyük bir uğur olardı. Ancaq qəbul etmək lazımdır ki, bu, bizim üçün çox çətindir. Özümə görə onu deyə bilərəm ki, şəxsən mənim üçün Almaniya ilə matç böyük təcrübə olacaq. Çünki bu oyun bizə qalibiyyətdən daha çox şeylər verəcək".
Yarımmüdafiəçinin fikrincə, Lövün belə düşçünməsinə hardasa səbəb var: "Çünki qrupda 4-cü matçımıza çıxırdıq və heç bir qol buraxmamışdıq. Sözsüz ki, almaniyalı baş məşqçi futbolun inkifaşını, hər bir komandanın oynaya bildiyini düşünür. Lövün bu fikrinin bizdən çəkindiyi ilə yox, hörmətdən irəli gəldiyini düşünürəm. Məncə, o, millimizlə bağlı söylədikləri ilə heç də zarafat etmir. Löv Azərbaycan yığmasının qazandığı xallara, uğurlara görə bu sözü deməyə məcbur olur. Adam işinə tam ciddi yanaşır".