"Komandamızın heyətində ən azından Qətərlə yoldaşlıq görüşündə sınamaq üçün futbolçular var. Mən də istəyərəm ki, bizim oyunçular həmin matçda millinin heyətində olsunlar". Bu fikirləri Sportnet.az-a açıqlamasında "Sumqayıt"ın baş məşqçisi Samir Abasov bildirib. Premyer Liqada cari mövsümdə 4-cü pillədə olan "gənclik şəhəri"nin təmsilçisi Avropa Liqasına düşməyə real namizədlərdən olsa da, əsas yığmamızda futbolçusu yoxdur.
Abasov baş məşqçisi olduğu komandadan milliyə layiq bildiyi futbolçuların olduğunu söyləyib: "Ancaq mənim sözüm nə keçərlidir, nə də fikrim var. Bunlar millinin baş məşqçisi Robert Prosineçki və onun köməkçilərinə aid olan şeylərdir. Mən gördüyüm şeyləri onlar fərqli görə bilərlər. Yusif Nəbiyev, Vurğun Hüseynov, Mirabdulla Abbasovun ən azından yoldaşlıq görüşünə çağırılmasını çox istəyərdim. Ancaq bu, Prosineçkiyə aid məsələdir".