Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov Almaniyanın II Bundesliqasında mübarizə aparan "Aue"nin heyətində növbəti qollarını vurub.
Sportnet.az-ın məlumatına görə, 27 yaşlı hücumçu XXVIII turun "Münhen 1860"la ev oyununda fərqlənib. O, 42 və 73-cü dəqiqələrdə penaltiləri dəqiq yerinə yetirib. İlk penalti epizodunda azərbaycanlı forvardın özünə qarşı kobudluq edilib. Qaydanı pozan qonaq komandanın oyunçusu Sebastyan Böniş meydandan qovulub. Komandasının 3:0 hesabı ilə qalib gəldiyi görüşdə Nazarov sonadək meydanda olub.
Bu qələbə sayəsində "Aue" xallarını 32-yə çatdırıb və 15-ci pilləyə yüksəlib. Eyni xala malik "Münhen 1860" isə 14-cüdür.