Futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə bir oyun baş tutub. İtaliyada "Yuventus" İspaniya "Barselona"sını qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. İlk yarıda Paulo Dibala "dubl" edib. O, 7-ci və 22-ci dəqiqələrdə fərqlənib. Argentinalı hücumçu Kataloniya komandasını Çempionlar Liqasında ən erkən qolla məyus edən futbolçu olub. O, həm də "Barsa"nın qapısından ən erkən 2 qol keçirən futbolçular siyahısında 2-ci yerə yüksəlib. Bu göstəricidə birinci yer Ukrayna "Şaxtyor"unun sabiq forvardı Culius Aqahovaya məxsusdur. O, 2004-cü ildə kataloniyalılara 21 dəqiqəyə 2 qol vurub.
Oyunda son nöqtəni isə 55-ci dəqiqədə Corco Kyellini qoyub. İtaliyalı müdafiəçi son 8 ildə ilk dəfə Çempionlar Liqasında fərqlənib. Bu komandalar arasında cavab görüşü aprelin 19-da olacaq.
Qeyd edək ki, Almaniyada Dortmund "Borussiya"sı ilə Fransa "Monako"su arasında keçirilməli olan günün digər matçı meydan sahiblərinin avtobusu qarşısında partlayış baş verməsi səbəbindən təxirə salınıb. Oyun aprelin 12-də Bakı vaxtı ilə saat 20:45-də başlanacaq. 1/4 final mərhələsinin digər oyunları da sabah olacaq.
22:45 Yuventus (İtaliya)- Barselona (İspaniya) - 3:0
Qollar: Paulo Dibala, 7; 22. Corco Kyellini, 55
Baş hakim: Şimon Marçinyak (Polşa)
22:45 Borussiya (Dortmund, Almaniya) – Monako (Fransa) matçı təxirə salınıb.
Baş hakim: Daniel Orsato (İtaliya)