AZAL-la Azərbaycan Premyer Liqasının XXV tur matçında "Sumqayıt"ın qələbə topunun müəllifi olan Mirabdulla Abbasovun Sportnet.az-a müsahibəsi
- Komandanız qalib gəlsə də, xeyli çətinliklə üzləşdi. Səncə, bu, nəyə görə idi?
- Fikrimcə, bu, meydanın durumu ilə bağlı idi. Hər iki komanda mübarizə apardı. Amma hardasa, daha çox bizim bəxtimiz gətirdi. Nəticədə qələbə qazandıq.
- Amma "Sumqayıt" da ev oyunlarını süni örtükdə keçirir...
- Fərq açıq-aşkar görünür. Məncə, "Sumqayıt"ın ev oyunlarını keçirdiyi örtük ən yaxşılardandır. Ən azı orada oynamaq o birilərə nəzərən rahatdır.
- Bu gün qələbəni xarakter nümayişi hesabına qazandığınızı demək olar?
- Olar. Belə qələbələr komandamıza çox lazımdır. "Zirə" ilə oyuna da 3 xal üçün çıxacağıq. Çünki turnir cədvəli baxımından bu, çox vacibdir.
- "Zirə" "İnter"lə oyunda xal itirsə də, "Kəpəz" arxadan gəlir. Bu baxımdan, Avropa Liqasına vəsiqə qazanacağınıza inanırsınız?
- Əlbəttə. Bu, özümüzdən asılıdır. Öz oyunlarımızı düşünməli, öz oyunlarımızdan qalib ayrılmalıyıq. Düzdür, təqvimimiz çətindir. Amma çalışacağıq əlimizdən gələni edək ki, Avroliqaya vəsiqə qazanaq.
- Təkcə "Zirə" ilə deyil, "Qarabağ" və "Qəbələ" ilə də qarşılaşacaqsınız...
- Çətin olacaq. Amma bu oyunlardan üzüağ çıxmağa gücümüz var.
- Azərbaycanın 23 yaşadək yığmasının heyətində İslam Həmrəyliyi Oyunlarında çıxışın gözlənilir. "Ölüm qrupu"na düşdüyünüzü düşünmürsünüz?
- Digər qrupda da yaxşı komandalar var. Türkiyə və Oman yığmaları, fikrimcə, yaxşı komandalardır. Qrupdan çıxsaq, çempion ola bilərik.