Futbol üzrə Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "Səbail” komandasının baş məşqçisi Elman Sultanovun Sportnet.az-a müsahibəsi...
- I Divizonunun sonuncu turu çərçivəsində "Bakılı”nı 7:1 hesabı ilə məğlub edib, elitaya vəsiqə əldə etdiniz. Təəssüratlarınızı bilmək maraqlı olardı...
- Bütün kollektivi təbrik edirəm. Bu gün üç xal qazanmaq vacib idi. Mövsüm ərzində bizə dəstək olan hər kəsə minnətdarlığımı çatdırıram. Əlbəttə, çempion ola bilmədik, buna da layiq idik. Lakin ikinci yer də pis deyil.
- Çempion olmaq üçün nə çatmadı?
- Mövsümə yaxşı başlamışdıq. Lakin sonradan iki aparıcı futbolçumuz - Qvanzav Maqomedov və Eltun Yaqublu zədələndi. Bu kimi problemlər oldu. Üstəlik, debüt mövsümümüzdür, bunu da nəzərə almaq lazımdır. Əsas odur ki, elitaya vəsiqə qazandıq.
- Çempionluğu hansı oyunda əldən verdiniz?
- "Turan Tovuz”la ev oyununu qeyd edərdim. Çox yaxşı oynasaq da görüş qolsuz heç-heçə ilə yekunlaşdı. Rəqibini sıxmışdıq, xeyli qol vəziyyətimiz oldu. Ondan sonra fikirləşdik ki, çempionluq əldən getdi. Ancaq birinci yeri tutmaq üçün sona qədər mübarizə apardıq.
- Son günlər ölkə mətbuatında "Səbail”in baş məşqçi postunda dəyişiklik olunacağına dair xəbərlərə rast gəlirik. Buna münasibətiniz necədir?
- Rəhbərlik nə desə, o da olmalıdır. Burada işləmək istəyən çox adam var. Qapı açıqdır, gəlib işləsin. Bu, məndən asılı olan məsələ deyil.
- Əsas komandada məşqçi kimi ilk mövsümünüz sizə nə qazandırdı?
- Yaxşı kollektiv və təcrübə. Bu kollektivlə iki mövsüm də işləyərəm.
- Ancaq bu heyətlə Premyer Liqada mübarizə aparmaq çətin məsələdir...
- Bəli, çətin olar. Açıq demək lazımdır. Yaxşı cavan uşaqlar var. Elitada yerli futbolçularla da çıxış edə bilərik. Ancaq klubun gələcək strategiyasına rəhbərlik qərar verəcək.