
"Qarabağ" klubu mayın 5-də "Qəbələ" ilə keçirəcəyi Azərbaycan Kubokunun final matçını izləmək istəyən azarkeşlərinin Naxçıvana səfərinə dəstək olacaq. Ağdam təmsilçisinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, bu barədə klubdaxili toplantıda qərar qəbul olunub.
Qərara əsasən, fan-klubların özləri səfərə çıxacaq azarkeş sayını və sənədləşmə ilə bağlı məsələləri özləri müəyyənləşdirməlidirlər. Səfər İran ərazisindən keçməklə baş tutacağından fanatların xarici pasportu olmalı, yaşları isə 18-dən aşağı olmamalıdır. "Qarabağ" rəhbərliyi isə maddi məsələlərin həllinə köməklik göstərəcəyinə söz verib.
Qeyd edək ki, daha öncə "Qəbələ" rəhbərliyi də öz azarkeşlərinin də finalı izləmələrinə dəstək olacağını bəyan edib. Naxçıvan Muxtar Respublikasının stadionunda keçiriləcək görüş saat 16:00-da başlanacaq.