"Bavariya" klubu vaxtından əvvəl Almaniya çempionu adını qazanıb.
Sportnet.az-ın məlumatına görə, bu, Bundesliqanın XXXI turunda "Volfsburq" üzərində 6:0 hesablı səfər qələbəsindən sonra gerçəkləşib. Xallarını 73-ə çatdıran Münhen təmsilçisi ən yaxın izləyicisi "Leyptsiq"i 10 xal geridə qoyub və sona 3 tur qalmış əsas rəqibi üçün əlçatmaza çevrilib.
Bu, "Bavariya"nın ardıcıl 5-ci, tarixində isə 27-ci çempionluğu olub.
Komandanın baş məşqçisi Karlo Ançelotti isə Avropanın 4 müxtəlif top-liqasının qalibi adını qazanan ilk mütəxəssis olub. Əvvəllər Ançelotti İtaliya A Seriyası ("Milan"), İngiltərə Premyer Liqası ("Çelsi") və Fransa Liqa 1-nin (PSJ) çempionu olub. İspaniyada isə o, "Real Madrid"la La Liqa qalibiyyəti istisna olmaqla, bütün titulları - ölkə kuboku və Superkuboku, Çempionlar Liqası, UEFA Super Kuboku və klublararası dünya çempionluğu qazanıb.
Qeyd edək ki, "Bavariya" bu mövsüm Çempionlar Liqasında 1/4 finalda mübarizəni dayandırıb. Almaniya klubu "Real Madrid"ə hakim səhvləri nəticəsində əlavə vaxtda uduzub - 1:2, 2:1 (0:3).