Hazırda Rusiya "Lokomotiv"inin sükanı arxasında olan "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin maraqlı açıqlama ilə diqqət mərkəzinə gəlib. Sportnet.az-ın məlumatına görə, 70 yaşlı mütəxəssis "dəmiryolçular"ın prezidenti kimi 2007-ci ildə qazandığı Rusiya Kubokunun da şəxsi nailiyyətləri sırasına yazılmalı olduğunu bildirib.
Beləliklə, Syomin ölkə kubokunu 5 dəfə qazandığını və bu göstəricidə Valeri Qazzayevi arxada qoyduğunu vurğulayıb: "Mən artıq rekordçuyam. 5 kuboka sahibəm. Nəyə görə 2007-ci ildəki kuboku hesaba almırsınız? Məgər siz baş məşqçi kimi qazanılan mükafatları sayırsınız? Xeyr, heç vaxt belə bölgü barədə eşitməmişəm".
Qeyd edək ki, Yuri Syomin "Lokomotiv"ə baş məşqçi kimi 1995-1996, 1996-1997, 1999-2000 və 2000-2001 mövsümlərində Rusiya Kubokunu qazandırıb. O, "Qəbələ"də çalışdığı 2013-2014 mövsümündə isə bürünc medalçı olub və Azərbaycan Kubokunun finalında penaltilər seriyasında məğlubiyyət üzüntüsü yaşayıb.