"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan Azərbaycan milli komandasının futbolçusu Rəşad Sadiqov "Bayıl Arena" rəhbərliyini meydanı oyunqabağı lazımınca sulamamaqda günahlandırıb. Sportnet.az xəbər verir ki, bu barədə təcrübəli yarımmüdafiəçi jurnalistlərə açıqlamasında bildirib.
Sadiqov artıq neçənci dəfədir ki, belə halın təkrarlandığını bildirib: "Keçən məşqdə də, oyunda da demişdik ki, meydanı sulamaq lazımdır. Sulayırlar, amma meydanın kənarlarını. Orta isə qupquru qalır. Ötürmə verirsən, top gedib ünvana çatmır, çox yavaş gedir. Onsuz da stadion süni örtüklüdür, top getmir. Meydan quru olduqda isə həddən artıq ağır olur. Deyirik, xeyri yoxdur. Belə ağır meydanı sulamaq lazımdır. Onsuz da top küləyə görə irəli getmir. Oyunları belə meydana salıblarsa, futbolçulara kömək etmək lazımdır ki, oynamağımız rahatlaşsın".
Qeyd edək ki, Azərbaycan millisi İslamiadada qrup oyunlarını "Bayıl Arena"da keçirir. Kamerunla ilk tur matçında 0:0 hesablı heç-heçə edən meydan sahibləri ötən gün Səudiyyə Ərəbistanını ikinci hissədə Elşən Abdullayev və Ağabala Ramazanovun qolları ilə yenib - 2:0.