Honduras çempionatında "Motaqua" və "Proqreso" komandaları arasında keçirilən futbol matçında faciə baş verib.
Sportnet.az-ın məlumatına görə, oyundan əvvəl yaşanan izdihamda ən azı 5 nəfər ölüb, 25-i yaralanıb. Xəstəxanadan bildirilib ki, olaylara stadiona girməyə çalışan tərəfdarlara polisin atdığı qaz bombası səbəb olub. Qazdan qaçmağa çalışan azarkeşlər bir-birilərini əzməyə başlayıblar. Bu zaman 2 nəfər dünyasını dəyişib. Daha 3 şəxs isə xəstəxanada keçinib. Bundan başqa yaralı hamilə qadının körpəsi bətnindəcə tələb olub.
Polisdən isə bildirilib ki, 30 min nəfərlik stadiona tutumundan artıq bilet satılıb. Onsuz da dolu olan tribunalara zorla daxil olmaq istəyən fanatların əsəbiləşərək bir-birilərinə hücum ediblər.
Qeyd edək ki, insidentə baxmayaraq, Tequsiqalpa şəhər stadionundakı görüş təxirə salınmayıb. Bir dəqiqəlik sükutla başlanan qarşılaşma "Motaqua"nın qələbəsi ilə yekunlaşıb - 3:0.