Ukrayna Premyer Liqasının 2017-2018 mövsümünün formatı təsdiqlənib. Sportnet.az-ın məlumatına görə, 12 komandanın iştirak edəcəyi çempionat 2 mərhələdən ibarət olacaq.
İlkin mərhələdə komandalar 2 dövrə ərzində 22 tur oynayacaqlar. İkinci mərhələdə isə hərəsi 6 komandadan ibarət iki qrup formalaşdırılacaq. İlk 6-lıqdakı komandalar Çempionlar Liqası və Avropa Liqasına vəsiqə uğrunda yarışacaqlar. İkinci 6-lıqdakılar isə aşağı liqaya enməmək üçün oynayacaqlar.
Reqlamentə əsasən, 12-ci yeri tutacaq komanda avtomatik elitanı tərk edəcək. Onu I Divizionun qalibi əvəzləyəcək. 11-ci yeri tutacaq komanda I Divizionda 2-ci yerin sahibi ilə, 10-cu yeri tutacaq komanda isə I Divizionda 3-cü yerin sahibi ilə 2 oyundan ibarət "pley-off" qarşılaşmasına çıxacaq.
Çempionatın ilkin mərhələsində toplanacaq xallar saxlanılacaq.
Ukrayna Super Kubokunun oyunu iyulun 15-də, ilk tur isə iyulun 16-da olacaq. Çempionat gələn il mayın 19-da yekunlaşacaq. Mayın 23-də və 27-də isə "pley-off" oyunları keçiriləcək.







































































