"Azərbaycanda oynadığım dövrdə də "Qəbələ” güclü heyətə malik idi. Bildiyim qədərilə bir neçə ildir ki, çempionluq uğrunda mübarizə aparır. Yəni zəif komanda olmadığı məlum məsələdir. "Yagelloniya” da yaxşı komandadır”. Bunu Sportnet.az-a açıqlamasında Polşa millisinin və "Simurq”un sabiq üzvü Marçin Burhart Avropa Liqasının ikinci təsnifat mərhələsinin "Qəbələ” – "Yagelloniya” oyunu haqda danışarkən deyib.
33 yaşlı forvard "Qəbələ”nin həmyerliləri önündə daha şanslı olduğunu bildirib. Burhartın fikrincə, "Qəbələ” uğurlu nəticə əldə edə bilər: "Fikrimcə, "Qəbələ”nin növbəti mərhələyə yüksəlmək şansı daha çoxdur. Çünki bu klub artıq neçə ildir ki, avrokuboklarda çıxış edir. "Yagelloniya” ilə müqayisədə "Qəbələ”nin avrokubok təcrübəsi daha çoxdur. Amma "Yagelloniya”nın da stabil və yaxşı heyəti var. İstənilən halda mən "Qəbələ”nin "Yagelloniya”dan daha şanslı olduğunu düşünürəm”.
Qeyd edək ki, Burhart 2011/2012 mövsümündə "Yagelloniya"da oynadıqdan sonra 2012/2013 mövsümünü "Simurq"da keçirib.