
Hollandiya milli komandasının yeni baş məşqçisi Qus Hiddink İtaliya və Çexiya yığmaları ilə yoldaşlıq görüşü üçün müəyyənləşdirdiyi sifariş ərizəsindən 5 futbolçunu çıxarıb. Sportnet.az-ın Hollandiya Futbol İttifaqının rəsmi saytına istinadən məlumatına görə, bunlar müdafiəçi Ron Vlar, yarımmüdafiəçilər Aryen Robben, Rafael van der Vart və Yordi Klassi, habelə hücumçu Klas-Yan Huntelardır.
Oyunçuların hər biri müxtəlif zədələr üzündən millini tərk edib. Əvəzində Şotlandiya "Seltik"inin müdafiəçisi Vircil van Deyk, müvafiq olaraq, Hollandiya PSV-si və Fransa PSJ-sində çıxış edən yarımmüdafiəçilər Lusiano Narsinq və Qreqori van der Vilə dəvət göndərilib.
Qeyd edək ki, Hollandiya millisi İtaliya ilə sentyabrın 4-də yoldaşlıq matçında, Çexiya ilə isə sentyabrın 9-da 2016-cı il Avropa çempionatının seçmə qrup oyununda üz-üzə gələcək. "Narıncılar" hər iki görüşü səfərdə keçirəcək.