"Qələbə qolunu vurmaq üçün hər iki komandanın şansı var idi. Cütün taleyi hələ məlum deyil. Hər şey ikinci oyunda bəlli olacaq”.
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ”nin futbolçusu Filip Ozobiç Avropa Liqasının II təsnifat mərhələsində Bakıda "Yagelloniya” ilə 1:1 hesablı heç-heçə etdikləri ilk oyundan sonra deyib. Xorvatiyalı yarımmüdafiəçi mərhələ şanslarının qaldığını bildirib: "Əlbəttə, növbəti mərhələyə keçə bilərik. Cavab görüşünə daha yaxşı hazırlaşacağıq. Mərhələ adlamağı çox istəyirik".
Yeni transferlər barədə danışan Ozobiç komanda yoldaşlarının adaptasiyaya ehtiyaclarının olduğunu vurğulayıb: "Hamısı yaxşı oyunçulardır. Sadəcə, ilk matçlarına çıxırdılar. Komandaya gec qoşulduqlar. Hazırlıq üçün vaxtları az idi. İkinci oyunda daha yaxşı olacaqlarını düşünürəm”.
Onun fikrincə, növbəti görüş komandaya təzə qoşulanlar üçün nisbətən asan keçəcək. İlk hissədəki çıxışlarından razı qalmadğını deyən 26 yaşlı oyunçu rəqibin keçiləsi komanda olduğunu əlavə edib: "Fasilədə danışdıq, söz verdik ki, çıxıb daha yaxşı oynayaq. İkinci hissə başlayan kimi də qol vurduq. Əlbəttə, bu rəqibi keçə bilərik. İkinci oyuna daha yaxşı hazıraşacağıq. Rəqib yaxşı kollektivdir. Amma mərhələni biz keçmək istəyirik. Şanslar bərabərdir".
Lakin Ozobiç hakimlik barədə fikir bildirmək istəməyib: "Onun vəzifəsi oyunu idarə etmək, bizim işimiz isə qol vurmaq idi. Sadəcə, növbəti oyuna hazırlaşmaq lazımdır".
"Qəbələ"nin legionerinin sözlərinə görə, mübarizəyə ilkin təsnifat mərhələsindən başlasaydılar, işləri daha asan ola bilərdi: "Çünki bu halda 2 oyun keçirəcəkdik. Amma artıq vəziyyət belə gətirib. Cavab görüşünə hazırlaşmalıyıq".
Qeyd edək ki, cavab görüşü iyulun 20-də olacaq.