"Biz "Kopenhagen"ə qarşı evdə çox yaxşı oynadıq. Bilirdik ki, yalnız hücumlarla və müdafiədə etibarlı oyunla rəqibə çətin anlar yaşada bilərik. Bunun da öhdəsindən gəlməyi bacardıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ" futbol komandasının qapıçısı İbrahim Şehiç Danimarka "Kopenhagen"ini Bakıda 1:0 hesabı ilə yendikləri Çempionlar Liqasının ilk "pley-off" matçı barədə "Klix" nəşrinə danışarkən deyib.
Bosniya və herseqovinalı qolkiper bildirib ki, artıq avqustun 23-də keçiriləcək cavab oyunu barədə geniş təsəvvürləri var: "Artıq "Kopenhagen" üzərində ciddi üstünlüyə malikik. Amma rəqib evində əla çıxış edir. Danimarka paytaxtında məsuliyyətli matça çıxacağıq. Bizi yaxşı ab-hava, stadion və yerli komandaya böyük dəstək olacaq azarkeşlər gözləyir".
29 yaşlı oyunçunun fikrincə, Azərbaycanda klublar arasında böyük rəqabət olmadığından, hamı "Qarabağ"dan və onun özündən yazır: "Komandamız hələ də avrokuboklarda mübarizəni davam etdirdiyindən, ölkənin bütün əhalisi sevinc içindədir. Çempionlar Liqasında "pley-off"a yüksəlməklə "Qarabağ" tarixi uğura imza atıb. Buna görə də Bakıda gözəl ab-hava var. Mən isə sadəcə, irəli baxıram və komandamın uğuru üçün çalışıram".
Təcrübəli qapıçı avqustun 20-də Bakı "İnter"i ilə keçirəcəkləri Azərbaycan Premyer Liqasının II tur matçında da qələbə qazanacaqlarına ümid etdiyini vurğulayıb. O, çempionat və avrokubok oyunlarında futbolçuların yorulmamaları üçün heyətin tez-tez dəyişdiyini və belə bir halın növbəti görüşdə də baş verəcəyini söyləyib.
Bu arada Şehiç avqustun 31-də Kipr, sentyabrın 3-də isə Cəbəllütariq yığmaları ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçlarında üz-üzə gələcək Bosniya və Herseqovina milli komandasına dəvət alıb. O, millinin şanslarını dəyərləndirərkən, kobud səhv buraxmağa haqlarının olmadığını bildirib: "Bu iki oyun mübarizəni davam etdirməyimiz baxımından vacibdir. Əsas odur ki, hamı hazırlıqlı və oyunlara köklənmiş halda gəlsin. O zaman nəticə də olacaq".
Vaxtilə İbrahim Şehiçin özünün, hazırda isə qardaşları Alin və Benjamin Şehiçin çıxış etdiyi "Jelezniçar" klubu avqustun 19-da "Sarayevo"ya qarşı Bosniya və Herseqovina derbisində üz-üzə gələcək. Qapıçı sabiq klubunun bütün oyunlarını izlədiyini söyləyib: "Bacım hər bir oyundan əvvəl zəng edərək, "Qrbavitse" mahnısını oxuyur. Mən də həmişə onlarla birgəyəm".
Qeyd edək ki, İbrahim Şehiç "Qarabağ"da 2013-cü ilin oktyabrından çıxış edir. O, 2006 - 2011-ci illərdə "Jelezniçar" forma geyinib. Daha sonra Şehiç Türkiyənin "Mersin İdman Yurdu" komandasında 2 ilədək oynayıb ("Report").