"Qarabağ"ın futbolçusu Əfran İsmayılov "İnter"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının II tur matçından sonra brifinq keçirib. Sportnet.az yeganə qolun müəllifinin müsahibəsini təqdim edir...
- Son dəqiqələrdə vurduğun qolla "Qarabağ”a qələbə qazandırdın. Görüşlə bağlı nə deyə bilərsən?
- Çətin oyun keçdi. İki ağır turnirdə, həm Çempionlar Liqasında, həm də Premyer Liqada mübarizə aparırıq. Oyunlara iki fərqli heyətlə çıxırıq. Bu da uyğunlaşma baxımından bir az çətinlik yaratsa da, komandada hamı oynamağa hazırdır. Məqsədimiz yaxşı nəticə qazanmaqdır. "İnter” də iddialı komandalardandır. Sona qədər mübarizə apardıq və yekunda qolumuzu vurub qələbə qazandıq.
- Demək olarmı ki, "Qarabağ” bu mövsümə əvvəlki illərlə müqayisədə daha yaxşı başlayıb?
- Nəsə demək çətindir. Getdikcə komandamız daha da püxtələşir. Mütləq nəticə qazanmaq istəyirik. Bu suala baş məşqçimiz daha dəqiq cavab verə bilər.
- Bu gün meydandakı gənclərin çıxışını bəyəndin?
- Hamı yaxşı formadadır. Onların da köməyi sayəsində qələbə qazandıq. Komandamızdakı gənclərin hamısı perspektiv vəd edir.
- Qarşıda "Qarabağ”ı 2 vacib oyun gözləyir. "Kopenhagen” və "Qəbələ” ilə matçlardan nə gözləmək olar?
- Bizi çox çətin dövr gösləyir. Avqustun 23-də səfərdə ağır oyunumuz var. Sonra isə "Qəbələ” ilə qarşılaşacağıq. İlk növbədə, "Kopenhagen”lə matçı düşünürük. Çalışacağıq ki, çətin səfərdə lazımi nəticəni qazanaq.
- İlk görüşün nəticəsinə əsasən, "Kopenhagen”lə cavab matçı nə vəd edir?
- Heç nə. 1:0 aldadıcı hesabdır. Çətin olacaq. Əvvəlki mərhələdə "Vardar” da ilk oyunda 1:0 hesabı ilə qalib gəlmişdi... Əlimizdən gələn hər şeyi edəcəyik. Xalq bizdən çox şey gözləyir.
- Danimarkada "Qarabağ” üçün ən böyük təhlükə nədir?
- Baş məqçimiz rəqibi analiz edir. Mənim üçün standart vəziyyətlər hər şeydən təhlükəlidir. Çünki basqı çox olacaq. Rəqibin heyətində ucaboylu futbolçuların sayı çoxdur.