İspaniyanın "Barselona" klubunun türkiyəli futbolçusu Arda Turan yenidən "Qalatasaray"a qayıda bilər.
Sportnet.az-ın məlumatına görə, İspaniya mediasında futbolçunun qarşısında iki seçimin olduğu qeyd edilib. Bunlardan birincisi "Qalatasaray"a dönüş, ikincisi isə "Barselona"nın əvəzedici heyətinə düşərək 2-ci Liqada oynamaqdır. Çünki Ardaya İngiltərədən gözlədiyi transfer təklifi gəlməyib. Əvvəlki klubu "Atletiko"(Madrid) isə yüksək təzminat səbəbi ilə onu yenidən almaq niyyətində deyil.
İspaniyanın "Cadena Ser" radiosunda bu gün səsləndirilən xəbərdə təcrübəli yarımmüdafiəçinin Türkiyə millisinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə oyundan sonra "Qalatasaray"la müqavilə imzalayacağı bildirilib. Dünən isə "Barselona" klubunun texniki məsələlər üzrə direktoru Roberto Fernandez Arda və Duqlasın komandadan gedə biləcəklərini vurğulamışdı.
Qeyd edək ki, Türkiyə millisinin kapitanı 2015-ci ildən "Barselona"da çıxış edir.