"Ümid edirəm ki, bu baş tutmayacaq. Əks təqdirdə nə "Barselona" nə də digər Kataloniya klubları İspaniyada oynaya bilməz".
Sportnet.az-ın məlumatına görə, bu sözləri İspaniya Peşəkar Futbol Liqasının prezidenti Xavyer Tebas Kataloniya vilayətinin müstəqilliyi məsələsinin hər gün daha da ciddiləşməsinin "Barselona"nın La Liqada qalıb-qalmayacağına təsiri barədə sualları cavablandırarkən deyib.
İspaniyanın şərqindəki Kataloniya muxtar vilayətinin müstəqilliyini elan etmək üçün oktyabrın 1-də referendumun keçirilməsi planlaşdırılır. Bu da "Barselona" klubunun İspaniya La Liqasından çıxarılmasına səbəb olacaq. İspaniya mətbuatı bununla bağlı ölkə Peşəkar Futbol Liqasının prezidenti Xavier Tebasa suallar ünvanlayıb. Tebas Kataloniyanın müstəqil olacağı təqdirdə "Barselona" və ümumilikdə bütün katalon klublarının La Liqada oynamayacaqlarını bildirib. Qurum prezidenti Kataloniya muxtar vilayətinin idman nazirinin "Barselona"nın İspaniya və Fransa çempionatlarında oynamaq seçimi edə biləcəyi açıqlamasına da münasibət bildirib. O bunun tamamilə yalan olduğunu söyləyib və belə bir şeyin əsla baş tutmayacağını qeyd edib: "Hesab edirəm ki, o, müstəqilliyin astanasında olduqları müddətdə katalonların başını aldadır. Bu heç vaxt baş verə bilməz. "Barselona"nın La Liqadan getməyi onun böyük klub olmaqdan çıxacağı deməkdir".
Tebas "Barselona"nın oktyabrın 1-i referendum olacağı təqdirdə həmin gün "Las Palmas" ilə keçirəcəyi oyunun ertələnməsi barədə suallara da cavab verib. O, oyunun təxirə salımayacağını bildirib.