1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Məşqdən çıxan kimi telefona tərəf qaçırlar" - LAYİHƏ
Sportnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Azərbaycan Premyer Liqası klublarında fəaliyyət göstərən kadrlar və onların hazırlanması" layihəsinin icrasını davam etdirir. Səkkizinci yazıda "Gənclərin inkişafı proqramı”nın rəhbərlərindən söhbət açacağıq.
Peşəkar klublar üçün bu vəzifənin nə dərəcə önəmli olması adından bəllidir. "Gənclərin inkişafı proqramı”nın rəhbəri gələcəyi müəyyənləşdirən şəxsdir. Əlbəttə, vəziyyətdən asılı olaraq, onların səlahiyyətlərinə hansısa məhdudiyyətlər qoyula bilər. Lakin əksər hallarda bu postu akademiya rəhbərləri tuturlar və işləri onlar idarə edirlər.
"Gənclərin inkişafı proqramı”nın rəhbərinin vəzifələri aşağıdakilardan ibarətdir:
- Klubun gənclər və uşaq sektorunun təşkili;
- Uşaq-gənclər komandalarına ixtisasli məşqçilərin təyin olunmasında iştirak etmək;
- Məşqçilər üçün müvafiq iclaslar keçirmək;
- Klubun "Gənclər futbolunun inkişafı proqramı”nı tərtib və yerinə yetirilməsinə nəzarət etmək;
- "Gənclər futbolunun inkişafı proqramı”nın həyata keçirilməsi ilə bağlı rəhbərliyə məlumat vermək və s.
Yuxarıda sadaladıqlarımız vəzifə təlimatının qısa məcmusudur. Bu postla bağlı daha geniş təsəvvürə malik olmaq üçün isə "Gənclər futbolunun inkişafı proqramı”nın nə demək olduğunu və necə tərtib edildiyini bilmək zəruridir.
A dərəcəli meyara əsasən, lisenziya iddiaçısı AFFA-nın texniki direktoru və Məşqçilər Komitəsi tərəfindən təsdiq edilmiş və yazılı şəkildə tərtib olunmuş "Gənclər futbolunun inkişafı proqramı”na malik olmalıdır. "Gənclər futbolunun inkişafı proqramı”nın həyata keçirilməsi AFFA-nın əməkdaşları tərəfindən yoxlanılmalı və qiymətləndirilməlidir. Zəruri hallarda lisenziar əlavə məlumatın təqdim olunmasını tələb edə bilər.
Proqrama ən azı aşağıdakı bəndlər daxil olmalıdır:
a) Gənclər futbolunun inkişafının məqsədləri və əsas prinsipləri;
b) Gənclər futbolu sektorunun təşkilati strukturu (təşkilati diaqram, maraqlı olan orqanlar, lisenziya iddiaçısına aidiyyatı, gənclər komandaları və s.);
c) İşçi heyəti (zəruri minimal ixtisas dərəcəsi göstərilməklə texniki, tibbi, inzibati və digər işçi heyəti);
d) Gənclər futbolu sektorunun istifadəsinə verilmiş infrastruktur (təlim-məşq obyektləri, oyun üçün idman qurğuları və s.);
e) Maliyyə resursları (sərəncamlarında olan büdcə, lisenziya iddiaçısının, oyunçuların və ya yerli bələdiyyə orqanlarının ayırmaları);
f) Müxtəlif yaş qrupları üçün futbol təlimi proqramı (oyun ustalığı, texniki, taktiki və fiziki hazırlıq);
g) Oyun qaydaları üzrə təlim proqramı;
h) Anti-dopinq üzrə təlim proqramı;
i) Oyunların ədalətli keçirilməsi (danışılmış oyunlara qarşı) üzrə təlim proqramı;
j) Gənclər komandalarının oyunçularına tibbi xidmət (tibbi baxışların keçirilməsi də daxil olmaqla);
k) Qarşıya qoyulmuş məqsədlər üzrə nəticə və nailiyyətlərin qiymətləndirilməsi üçün araşdırma və təkliflər;
l) Proqramın etibarlılıq müddəti (minimum – 3, maksimum – 7 il).
Lisenziya iddiaçısı gənclər futbol sektorunun gündəlik fəaliyyətinə və texniki aspektlərinə cavabdeh olan ixtisaslı gənclər futbolunun inkişafı proqramının rəhbərini təyin etməlidir.
Gənclərin inkişafı proqramının rəhbəri aşağıdakı ixtisas sənədlərindən ən azı birinə malik olmalıdır:
a) Premyer Liqa lisenziyası üçün ün azı UEFA-nın məşqçilik üzrə etibarlı "B”, UEFA-dan ötrü isə "A” kateqoriyası;
b) Yuxardakı bənddə göstərilən lisenziyaya ekvivalent olan və UEFA tərəfindən tanınan xarici məşqçi lisenziyası.
Gənclərin inkişafı proqramının rəhbəri eyni zamanda klubun gənclərdən ibarət hər hansı komandasına rəhbərlik edə bilər.
Azərbaycanda uşaq futbolu ilə bağlı mütəxəssislərdən söz düşən zaman, Vaqif Paşayev ilk ağıla gələnlərdəndir. Ömrünün 35 ilini bu sahəyə verən 64 yaşlı məşqçi hazırda "Sumqayıt” klubunda "Gənclərin inkişafı proqramı”nın rəhbəri vəzifəsini icra edir.
"Gənclərin inkişafı proqramı”nı hazırlayan zaman bu amili əsas götürürük”
O, söhbət zamanı bildirdi ki, "Gənclərin inkişafı proqramı”nı hazırlayan zaman texnika amilini əsas götürüblər: "İşlərimiz proqram üzrə gedir. Əvvəl 5 illik tərtib etmişdik, indi isə 3 illikdir. Zamanla müxtəlif dəyişkliklər edirik ki, bu da komandaların durumuna əsasən həyata keçirilir. Mənim üçün futbolun təməli texnikadır. "Gənclərin inkişafı proqramı”nı hazırlayan zaman bu amili əsas götürürük. Uşaq topla işləməlidir. Topu qəbul edə bilmirsə, ötürməyi bacarmırsa, saxlamaqda çətinlik çəkirsə, zərbə vurmaq əlindən gəlmirsə, nə qədər fiziki hazırlıq keçsən də, xeyri yoxdur. Ümumiyyətlə, 14-15 yaşa qədər uşağa fiziki yükləmə vermək düzgün deyil. Bəzən görürəm ki, 8-9 yaşlı uşağa fiziki hazırlıq keçirlər. Bunu başa düşmürəm. Uşağı nə qədər qaçırtmaq olar? "Sumqayıt”da belə şey yoxdur. Uşaq topla davranşına görə "beş” alacaqsa, o yuxarı komandalara gedən zaman fiziki hazırlıq keçmək olar. O zaman da məşqçinin uşağın qidalanmasından, sağlamlığından xəbəri olmalıdır. Detallar çox önəmlidir. Bu yaxınlarda oxudum ki, Kriştianu Ronaldu gün ərzində fasilələrlə yatır. Qrafiklə yaşayır. Bizimkilər isə heç sutkada 8 saat yatmırlar. Ona görə də nə güc var, nə də başqa bir şey. Uşaq məşqçiyə qulaq asmalıdır. Atasına qulaq asan boşuna futbola gəlməsin.
"İndiki uşaqlarla işləmək üçün dəmir kimi səbrin olmalıdır”
V.Paşayev deyir ki, yaxın keçmişlə müqayisədə, əsas fərq insan amili ilə bağlıdır: "Əvvələr uşaqlara "sən qaçmalısan, sən hərəkət etməlisən”, - demək lazım deyildi. İndi isə hər xırda şeyi diqtə etməlisən. Gərək, əlinə ağac alıb, uşağın araxsına düşəsən. Uşaqlar işləməyəndən sonra 100 cür inkişaf proqramı olsa da, faydası yoxdur. Dəfələrlə təkarlanan tapşırığı etməyən adamdan futbolçu olar? Son üç ili U19-la işləmişəm. Bəzən kobud səslənsə də, uşaqlara deyirdim ki, beyninizi evdə qoyub, bura nəyə gəlmisiniz? Telefon əllərində gəlirlər, sağa-sola baxmırlar, böyüklərin yanından salam verməyib keçirlər. Telefonu qoyub, girirlər məşqə. Çıxan kimi yenə ona qaçırlar. Az qalırlar ki, telefonla çimsinlər. Rəşad Sadıqova, Ceyhun Sultanova tapşırıq verirdin, o dəqiqə edirdilər və qabağa gedirdilər. O vaxt pul olmadığına görə nə qədər istedadlı uşaq futbolla məşğul olmağı davam etdirə bilmədi. Açıq deyirəm, hazırda çox çətindir. İndiki uşaqlarla işləmək üçün dəmir kimi səbrin olmalıdır. Uşaq bir qırağa, valideynlərlə vuruşursan. Valideyn gəlir, professor kimi danışır. Baxırsan ki, qəssabdır, amma səninlə məşq prosesindən danışmaq istəyir. Uşağı mənə tapşırmısansa, get, işinlə məşğul ol da. Məşqçi bir tapışırıq verir, valideyn kənardan başqa söz deyir. Uşaq da bilmir nə etsin, kimə qulaq assın. Burda mən cəzalandırıramsa, evdə valideyn onun beynini xarab edir”.
"Uşaq komandalarından nəticə tələb etmək düzgün deyil”
Təcrübəli mütəxəssis deyir ki, məşqçi uşaqla valideyn kimi davranmalıdır. Onun sözlərinə görə, məşqçi müəllim olmasa, futbolçu yetişdirə bilməz: "Pedaqoq və psixoloq olmalısan. Uşaq qalib psixologiyası ilə inkişaf etməlidir. Lakin uşaq komandalarından nəticə tələb etmək düzgün deyil. Nəticəni əsas komanda verməlidir. Bizim də vəzifəmiz əsas komandaya layiqli futbolçular yetişdirməkdir. Nəticə tələb olunan yerdə futbolçu yetişməz. Bəzən görürsən ki, məşqçi kənardan futbolçuya deyir ki, topu filan yerə ötür. Uşağı robot etmək olmaz. Ona düşünməyi öyrətmək lazımdır. Sabah 100 minlik stadionda baş məşqçisinin səsini eşitməyəcək”.
V.Paşayev hazırda uşaqların əsasən süni örtüklü meydançalarda məşq etməsinə də toxunub. Onun sözlərinə görə, düz olmayan təbii qazondansa, süni meydança yaxşıdır: "Keyfiyyətli təbii meydançalar çox azdır. Uşaq bilmir meydana baxsın, yoxsa tullanaraq gedən topa. Uşaq başıyuxarı oynamalıdır. Süni meydançalarda diqqət edilməli olan nüanslar var. Məsələn, buna uyğun butslar seçilməlidir. Uşağa süni örtüyün özəllikləri izah edilməlidir ki, nəyi necə etməli olduğunu bilsin”.
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.